Azərbaycan millisinin sabiq məşqçisi: "Prosineçkinin beyni kompüterdir"

Azərbaycan millisinin sabiq məşqçisi: "Prosineçkinin beyni kompüterdir" "Məndə belə hiss var ki, Robi “Srvena Zvezda”ya qayıdacaq"
Futbol
28 Dekabr , 2017 10:11
Azərbaycan millisinin sabiq məşqçisi: Prosineçkinin beyni kompüterdir

Bakı. 28 dekabr. REPORT.AZ/ “Azərbaycanda bizdən razı idilər və saxlamaq istəyirdilər. Lakin Prosineçki və məşqçilər korpusu olaraq, dəyişiklik istədik. Məhz yeni çağırış üçün oranı tərk etdik”. 

“Report” xəbər verir ki, bunu alo.rs saytına müsahibəsində futbol üzrə Azərbaycan millisinin sabiq məşqçisi Draqan Spasiç deyib.

Yığmada Robert Prosineçkinin köməkçisi olan 48 yaşlı serbiyalı mütəxəssis Bosniya və Herseqovina yığmasından aldıqları təklifləri dəyərləndirib. O, deyib ki, Balkan təmsilçisinin hələlik qəti qərar qəbul etməməsi onlar üçün problem ola bilər: “Bosniya və Herseqovina Futbol İttifaqının davranışı Prosineçki və mənim üçün problem ola bilər. Ona görə də biz keçmiş Yuqoslaviya ərazisindəki digər ölkələrin də yığmalarında və ya klublarında çalışmağa hazırıq”.

Prosineçkinin 2010 – 2012-ci illərdə baş məşqçisi olduğu Serbiya “Srvena Zvezda”sına dönəcəyini istisna etməyən Spasiç xorvatiyalı mütəxəssisin çox yaxşı yaddaşa malik olduğunu vurğulayıb: “Necə deyərlər, heç vaxt “heç nə” demə. Məndə belə hiss var ki, Robi “Srvena Zvezda”ya qayıdacaq. Özü də bir yox, yüz dəfə. Lakin hər şey başqa cürdür. Onun çox yaxşı yaddaşı var, beyni kompüterdir. Hər bir liqa, komanda və oyunçular barədə məlumatlıdır. Biz oyuna hazırlaşmağa start verən zaman o, faktları deməyə başlayır. Ona baxaraq söyləyirəm: “Buna inana bilmirəm”. Prosineçkinin ən böyük üstünlüyü futbolçuları kökləmək bacarığıdır. O, istənilən oyunçunu öz keyfiyyətlərini artıqlaması ilə ortaya qoymağa və çatışmazlıqlarını gizlətməyə inandıra bilir”.

Qeyd edək ki, Bosniya və Herseqovina Futbol İttifaqından təklif alan Robert Prosineçki köməkçiləri Qordan Tsipriç və Draqan Spasiçin də onunla bərabər olması şərtini irəli sürüb.

Son xəbərlər

Orphus sistemi