Bakı. 15 yanvar. REPORT.AZ/ Avropa çempionatının final mərhələsinə hazırlığını Bakıda davam etdirən Azərbaycan milli komandasının düşərgəsinə daha bir futzalçı qoşulub.
“Report” xəbər verir ki, karyerasını Serbiyanın “Ekonomats” klubunda davam etdirən Vitali Borisov yanvarın 14-də Bakıya gəlib. 36 yaşlı futzalçı bugünkü məşq prosesində iştirak edəcək. Hazırda Braziliyada olan Fineo de Araujo, eləcədə Dubayın “Əl-Dafra” klubunda çıxış edən Vassura isə yanvarın 18-də komandaya qoşulacaq.
Qeyd edək ki, millinin Bakıdakı təlim-məşq toplanışı yanvarın 27-dək davam edəcək. Komanda yanvarın 28-də final mərhələsinin keçiriləcəyi Sloveniyanın paytaxtı Lyublyanaya yola düşəcək və “Austria Trend Hotel”də məskunlaşacaq. Yığma ilk oyununu fevralın 2-də Fransa, növbəti matçını 2 gün sonra İspaniya millisinə qarşı keçirəcək.