Azərbaycan millisinin futbolçusu klubundakı baş məşqçi dəyişikliyinə münasibət bildirib

Azərbaycan millisinin futbolçusu klubundakı baş məşqçi dəyişikliyinə münasibət bildirib “Onun gedişi üzücü olaydır”
Futbol
5 İyul , 2017 09:44
Azərbaycan millisinin futbolçusu klubundakı baş məşqçi dəyişikliyinə münasibət bildirib

Bakı.5 iyul. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov formasını geyindiyi Almaniyanın "Ertsebirge Aue" komandasındakı baş məşqçi dəyişikliyinə münasibət bildirib.

“Report”un məlumatına görə, 27 yaşlı hücumçu tag24.de saytına açıqlamasında komandanın sabiq baş məşqçisi Domeniko Tedeskonun "Şalke"nin sükanı arxasına keçməsinə təəssüfləndiyini söyləyib. O, II Bundesliqada çıxış edən kollektivə rəhbərlik edəcək Tomas Letşin sələfindən fərqləndiyini deyib: “Tedeskonun gedişi barədə internet vasitəsi ilə xəbər tutdum. Bu, üzücü bir olaydır. O, böyük məşqçidir. Letş isə fərqli mütəxəssisidir. Onun fəlsəfəsi başqadır. Stiv Breytkrus və Luis Samsonun timsalında iki yaxşı müdafiəçi də itirdik. II Bundesliqada ilk mövsümlərini keçirəcək yeni gənc oyunçular gəlib. Növbəti çempionatın başlamasını səbrsizliklə gözləyirəm. Biz komanda ruhunu yenidən qazanmalıyıq”.

2018-ci il dünya çempionatının seçmə mərhələsinin oyunları ilə əlaqədar "Ertsebirge Aue"nin düşərgəsinə bir qədər gec qoşulan D.Nazarov deyib ki, ağır mövsümdən sonra yaxşı istirahət vacibdir. O, bərpa prosesinin önəmli olduğunu vurğulayıb.

Qeyd edək ki, "Ertsebirge Aue" ötən mövsüm II Bundesliqada 39 xalla 14-cü olub və daha aşağı liqaya enmə təhlükəsindən qurtulub.

Son xəbərlər

Orphus sistemi