Azərbaycan millisinin futbolçuları Qazaxıstanla oyun barədə danışıblar

Azərbaycan millisinin futbolçuları Qazaxıstanla oyun barədə danışıblar Ruslan Abışov: "Bizi çətin oyun gözləyir"
Futbol
4 İyun , 2018 19:28
Azərbaycan millisinin futbolçuları Qazaxıstanla oyun barədə danışıblar

Bakı. 4 iyun. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçuları yoldaşlıq görüşündə qarşılaşacaqları Qazaxıstanla oyun barədə fikirlərini bölüşüblər. 

"Report"un məlumatına görə, yığma üzvləri "Astana Arena"dakı məşqdən sonra affa.az-a açıqlama veriblər. 

Yığmanın yarımmüdafiəçisi Emin Mahmudov oyuna yaxşı hazırlaşdıqlarını vurğulayıb: “Bizi çətin oyun gözləyir. Çünki rəqib də güclü komandadır. Yaxşı oyun göstərmək üçün hazırlaşmışıq. Hər məşq oyunumuzu müsbətə doğru dəyişir. Bir sözlə, maraqlı oyun olacağını düşünürəm”.

Ruslan Abışov komandanı Qırğızıstanla oyundan sonra daha ciddi rəqiblə qarşılaşma gözlədiyini deyib: "Son oyunlarına da baxanda görürük ki, baxımlı futbol sərgiləyirlər. Rəqib çox yaxşı təsir bağışlayır. Düşünürəm ki, Millətlər Liqası öncəsi bizi çətin sınaq gözləyir. Sabah yaxşı mübarizə aparıb qələbə qazanmaq istəyirik”.

Ürfan Abbasov oyuna ciddi hazırlaşdıqlarını və sabahkı matçda qələbə qazanmaq istədiklərini söyləyib: "Qırğızıstan yığması ilə oyundan sonra komandanın psixoloji vəziyyəti yaxşıdı. Bu vəziyyəti davam etdirmək istəyirik. Qazaxıstandan Latviyaya uğurlu nəticə ilə gedib, orda da yaxşı oynamaq fikrindəyik”.

Qara Qarayev isə ardıcıl ikinci yoldaşlıq görüşünə çıxacaqlarını və qələbə qazanmaq istədiklərini qeyd edib: "Çalışacağıq ki, bu oyunda da qələbə qazanaq və komandanın özünəinamı artsın”.

Qeyd edək ki, Azərbaycan və Qazaxıstan yığmaları arasındakı yoldaşlıq matçı sabah “Astana Arena”da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. 

Son xəbərlər

Orphus sistemi