Bakı. 3 dekabr. REPORT.AZ/ 2015 - 2020-ci illərdə Azərbaycan futbolunun inkişafına dair əlavə tədbirlər haqda sənəd layihəsi hazırlanır. "Report"un xəbərinə görə, bu barədə jurnalistlərə AFFA-nın prezidenti Rövnəq Abdullayev məlumat verib.
R.Abdullayev bildirib ki, layihədə 2020-ci ildə Bakıda da keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan milli komandasının iştirakına dair konsepsiya nəzərdə tutulub. O, yeni baş məşqçi Robert Prosineçki ilə müqavilənin 3 il müddətinə bağlanılmasının da bu konsepsiyadan irəli gəldiyini vurğulayıb: "2020-ci il Avropa çempionatının 4 oyununu Bakıya gətirməyimiz ən böyük qazancımızdır. Amma bu çempionatda özümüz də oynamasaq, qazancımız 50 faiz azalacaq. AVRO-2020-nin seçmə mərhələsi 2018-ci ildə başlanacaq. Məhz həmin vaxtadək bütün qüvvələrimizi səfərbər edərək, yığmamızı gəncləşdirməliyik".
AFFA prezidenti onu da deyib ki, "Azərbaycan Respublikasında 2005 - 2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın yekunlarına dair AFFA-nın gələn il keçiriləcək Konfransında hesabat veriləcək.
Qeyd edək ki, Robert Prosineçkinin Azərbaycan milli komandasının baş məşqçi postuna namizədliyi AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında təsdiqlənib.