Yuxarı

Nikola Yurçeviç: "Hesabdan çox, gəldiyimiz qənaət önəmlidir" - YENİLƏNİB-2

Azərbaycan millisi yoldaşlıq oyununda heç-heçə edib

"Maraqlı və gözəl oyun oldu. Hərçənd matçın gedişatı elə də asan deyildi. Qalib gəlmək üçün hər şey etdik".

"Report"un məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Bakıda Litva yığması ilə qolsuz heç-heçə başa çatan yoldaşlıq matçından sonra söyləyib.

54 yaşlı xorvatiyalı mütəxəssis bildirib ki, Azərbaycan millisi ilk hissədə daha yaxşı təsir bağışlayıb:

"Fasilədən sonra çox sayda əvəzetmələr reallaşdırdıq və bu, oyunumuza təsir etdi. Rəqibə baxanda, daha yaxşı komanda idik. Sadəcə, qol vura bilmədik. Xorvatiya ilə görüşü də nəzərə alsaq, çıxışımızdan razıyam. Əvvəlcədən demişdik ki, qalib gəlmək istəyirdik. Bu, özünəinam baxımından lazımdır. Ancaq nəticə ilə yanaşı futbolçulara baxmaq da vacibdir. Onları bir çox vəziyyətlərdə görmək istəyirdik. Bu gün hesabdan çox gəldiyimiz qənaət önəmlidir. Təsadüfi deyil ki, Xorvatiya ilə müqayisədə, start heyətində 4 dəyişiklik etmişdik. Məsələn, bu gün Rüfət Dadaşovu mərkəzdə oynatmağa, Ramil Şeydayevə isə cinahdan baxmaq istədim. Ömər Buludovu da meydana buraxmağı düşünürdüm. Anton Krivotsyuku da qeyd edərdim. Ona görə də deyirəm ki, çıxışımızdan razı qaldım. İlk hissədə daha yaxşı oynadıq. Daha real şanslarımız vardı. Yüz faizlik imkanlarımızın olduğunu da deyərdim. Fasilədən sonra dəyişikliklər və yorğunluq ümumi ritmə təsir etdi".

Baş məşqçi Ukraynanın "Aleksandriya" klubunda çıxış edən Pavel Paşayevi zədə üzündən yığmaya çağırmadığını deyib: "O, heyətdə yer alası oyunçudur. Nəzəri cəhətdən çox şey etmək olardı. Məsələn, Buludovla ikinci qapıçıya da şans vermək olardı. Ancaq hamını razı salmaq çətindir. Biz bir tərəfdən nəticə qazanmaq, digər tərəfdən hamını yoxlamaq istəyirik. Çox məhsuldar 10 gün oldu. Ən önəmlisi odur ki, düşərgədə çox yaxşı atmosfer var. Bundan sonra şanslarımızdan daha çox istifadə etməyə çalışacağıq.

N.Yurçeviç oyuna azarkeş marağının az olmasına da toxunub: "Stadionun ən azı yarısı dolsa, yaxşı dəstək hiss edərik. Belə olsa, bəlkə də qələbə qazanardıq. Yəqin havanın soyuq olması da təsir edib. Digər tərəfdən, azarkeş marağını artırmaq üçün pozitiv nəticələr olmalıdır. Məqsədimiz daha yaxşı nəticələr göstərməkdir. Qarşıdakı Macarıstan və Slovakiya ilə görüşləri qələbə ilə başa vurmaq istəyirik. Ancaq bu, istəkdir. Reallıq başqa cür də ola bilər".

Xorvatiyalı mütəxəssis "Zirə"nin baş məşqçisi Samir Abasovun ironiya ilə legioner futbolçuları İsmail Fofananın milliyə təklif etməsinə də münasibət bildirib: "Yəqin ki, bunu irdonya ilə deyib? Niyə belə söz dediyini bilmirəm. İndi sizdən eşidirəm. Bəlkə bununla Premyer Liqada legioner futbolçuların çoxluğuna işarə edib. Klub məşqçiləri ilə görüşəcəyimi demişdim. Hələlik "Neftçi" və "Qarabağ"ın düşərgəsində olmuşam. Çünki yığmaya ən çox oyunçu bu komandalardan gəlir. Digərlərini də ziyarət edəcəyik".


***20:50

"Döyüşkən və maraqlı oyun alındı. Ciddi hazırlaşmışdıq. Azərbaycanın yaxşı futbolçulardan təşkil olunmuş komanda olduğunu gördük".

"Report" xəbər verir ki, bunu Litva yığmasının baş məşqçisi Valdas Urbonas Bakıda Azərbaycan millisi ilə qolsuz heç-heçədən sonra deyib.

52 yaşlı mütəxəssisin sözlərinə görə, Litva yığması ilk yarıda yaxşı təsir bağışlayıb:

"Məni daha çox müdafiə xətti düşündürürdü. Rəqibin hücumlarının qarşısını ala bildik. Amma öndə bir o qədər də fəallıq göstərməyi bacarmadıq. İkinci hissədə rəqib üstün oynadı. Nəticə oyuna görə oldu. Komandalar elə də ciddi qol epizodları yarada bilmədilər. Futbolçularımın çıxışından və nəticədən razıyam. Rəqib yaxşı texnikalı oyunçulara malikdir. Buna rəğmən, qapımız önündə çox sayda qol epizodu yaratmağa imkan vermədik. Bunu pressinq hesabına etməyə çalışdıq. Yığmada ikinci oyunumdur. İrəlidə daha yaxşı olacaq".

Baş məşqçi AVRO-2020-nin seçmə mərhələsinin I turunda 1:2 hesabı ilə uduzduqları Lüksemburq yığması ilə Azərbaycan millisi arasında paralel aparıb:

"Bu oyunları müqayisə etməzdim. Biri rəsmi, digəri yoldaşlıq oyunudur. Təqvim bir o qədər də uğurlu deyildi. Azərbaycan Xorvatiya ilə görüşdə yaxşı oynamışdı. Lakin orda müdafiədə, burada hücumda oynadılar. Bakıda uduzmaq istəmirdik. Buradan heç-heçə ilə qayıtmağımıza sevinirəm. Azərbaycan millisi fərdi baxımdan yaxşı oyunçulara malikdir. Rəqibin oyununu təhlil etmək baş məşqçiyə qarşı hörmətsizlik olar. Azərbaycana oyuna görə təşəkkür edirəm və uğurlar arzulayıram. Bu gün rus dilində danışıram. Çünki həm Litva, həm də Azərbaycan postsovet ölkələridir. İngilis və öz dilimizdə də danışa bilərəm. Ancaq əsas odur ki, biz bir-birimizi başa düşürük".


***19:51

Futbol üzrə Azərbaycan millisi yeni baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında ilk yoxlama oyununu keçirib.

"Report" xəbər verir ki, martın 21-də AVRO-2020-nin seçmə mərhələsinin I turunda səfərdə Xorvatiya kollektivinə 1:2 hesabı ilə uduzan yığma Litva komandasını qəbul edib.

"Bakcell Arena"da baş tutan matç qolsuz bərabərlik qeydə alınıb.

Baş məşqçi qapını Səlahət Ağayevə tapşırıb. Müdafiənin mərkəzində Bədavi Hüseynovla Anton Krivotsyuk, cinahlarda kapitan Maksim Medvedevlə Təmkin Xəlilzadə yer alıb. Orta xətdə Qara Qarayev, Riçard Almeyda, Eddi İsrafilov və Araz Abdullayev qərarlaşıb. Hücumda isə Rüfət Dadaşovla Ramil Şeydayev meydana çıxıb.

N.Yurçeviç millinin AVRO-2020-nin seçmə mərhələsinin I turunda səfərdə Xorvatiya yığmasına 1:2 hesabı ilə uduzduğu oyunla müqayisədə start heyətində 4 dəyişiklik edib. Rahil Məmmədov, Şəhriyar Rəhimov, Mahir Mədətov və Dimitri Nazarov bu dəfə ehtiyatda qalıb. Onları müvafiq olaraq A.Krivotsyuk, T.Xəlilzadə, A.Abdullayev və R.Dadaşov əvəzləyib.

Matçın ilk yarısı Azərbaycan millisinin üstünlüyü şəraitində keçsə də, rəqib qapısı önündə real qol vəziyyəti yaratmaq mümkün olmayıb. R.Şeydayev, E.İsrafilov və R.Dadaşov bir neçə epizodda zərbə endirsələr də, Litva yığmasının qolkiperi Dzyuqas Bartkus etibarlı oynayıb.

Fasilədən dərhal sonra R.Almeydanı əvəzləyən D.Nazarov ardıcıl 2 dəfə qapını yoxlayıb, lakin məntiqi nəticə olmayıb.

Matçın 64-cü dəqiqəsində A.Abdullayevi M.Mədətov əvəzləyib. Bir qədər sonra isə R.Dadaşovun yerinə Namik Ələskərov oyuna qoşulub. 75-ci dəqiqədə isə zədələnən E.İsrafilovu Əli Babayev dəyişib. Bundan 10 dəqiqə sonra Emin Mahmudov Q.Qarayevi əvəzləyib.

İlk yarıda olduğu kimi, ikinci hissədə də diqtə edən tərəf Azərbaycan millisi olub. Lakin bütün cəhdlərə baxmayaraq matçda hesab açılmayıb - 0:0.

Görüşü AFFA prezidenti Rövnəq Abdullayev də canlı izləyib.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyunlarını iyunda AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirəcək. Yığma ayın 8-də Macarıstan, 11-də isə Slovakiya kollektivini qəbul edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi