​Azərbaycan millisi Türkiyəyə məğlub olub

​Azərbaycan millisi Türkiyəyə məğlub olub Roman Hüseynov on bir metrlik cərimə zərbəsindən yararlana bilməyib
Futbol
12 Noyabr , 2015 19:59
​Azərbaycan millisi Türkiyəyə məğlub olub

Bakı. 12 noyabr. REPORT.AZ/ Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2016-nın seçmə qrup mərhələsində növbəti oyununu keçirib. "Report"un məlumatına görə, 5-ci qrupun II tur oyununda rəqib Türkiyənin U-19 komandası olub.

Bayıl stadionunda keçirilən qarşılaşmada topa ilk toxunan tərəf Türkiyə yığması olub. Rəqib bir neçə dəfə Tolqa Şahinin qoruduğu qapıya yol tapmaq istəsə də, sonuncu qapıda inamlı çıxış edib və hesabın açılmasına icazə verməyib. Nazim Süleymanovun rəhbərlik etdiyi komanda 41-ci dəqiqədə qol şansını əldən verib. Türkiyə millisinin heyətində Alican Özfesli millinin üzvü Elnur Cəfərova qarşı cərimə meydançasında kobud oynayıb. Rəqib futbolçu qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. On bir metrlik cərimə zərbəsini vurmaq üçün topa Roman Hüseynov yaxınlaşıb. Lakin qapıçı Muhammed Şengezer hesabın açılmasına icazə verməyib. İlk 45 dəqiqə qolsuz bərabərliklə yekunlaşıb.

İkinci hissədə Azərbaycan millisi oyuna başlayıb. Matçın 56-cı dəqiqəsində Vedat İnceefenin rəhbərlik etdiyi komanda istəyinə nail olub. Müdafiəçilərin səhfindən istifadə edən Abdullah Balıkçı topu tora qovuşdurub. Qalan dəqiqələrdə tərəflərin qol vurmaq istəyi baş tutmayıb. Beləliklə, 90 dəqiqənin sonunda sevinən tərəf Türkiyə yığması olub - 1:0.

Hazırda Ukrayna 6 xalla qrup birincisidir. Bosniya Herseqovina və Türkiyə yığmaları isə hərəyə 3 xalla müvafiq olaraq 2 və 3-cü pillədə qərarlaşıblar. Azərbaycan millisi isə 2 oyundan sonra qrup sonuncusdur.

Son xəbərlər

Orphus sistemi