Azərbaycan millisi bu gün AVRO-2016-nın seçmə mərhələsində son oyununu keçirəcək

Azərbaycan millisi bu gün AVRO-2016-nın seçmə mərhələsində son oyununu keçirəcək Bolqarıstanla görüşdən sonra 4-cü pillənin sahibi dəqiqləşəcək
Futbol
13 Oktyabr , 2015 10:09
Azərbaycan millisi bu gün AVRO-2016-nın seçmə mərhələsində son oyununu keçirəcək

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan milli komandası AVRO-2016-nın seçmə qrup mərhələsində son oyununu keçirəcək. "Report"un məlumatına görə, rəqib Bolqarıstan yığması olacaq.

Sofiyanın "Vasil Levski" stadionunda oynanılacaq qarşılaşmanı macarıstanlı Tamaş Baqnarın başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. 

H qrupunda qərarlaşan hər iki komanda AVRO-2016-nın final mərhələsinə vəsiqə şansını itirib. Hazırda Bolqarıstan 8 xalla 4-cü, Azərbaycan 6 xalla 5-ci pillədədir. Yalnız qələbə təqdirində qonaqlar 4-cü pilləyə yüksələ bilərlər. 

Həm meydan sahibləri, həm də qonaqlar tsiklin gedişində baş məşqçi dəyişikliyinə əl atıblar. Hazırda komandalara müvafiq olaraq, İvaylo Petevlə Robert Prosineçki rəhbərlik edir. Azərbaycan millisi 6 xalı məhz Prosineçkinin rəhbərliyi altında yığıb. Seçmə tsikli 4-cü pillədə başa vurmaqdan ötrü xorvatiyalı mütəxəssisin komandası mütləq qalib gəlməlidir.

Bu oyunda mərkəz müdafiəçisi Bədavi Hüseynov iştirak etməyəcək. O, ötən tur İtaliya ilə qarşılaşmada qırmızı vərəqə alıb. Ümumilikdə start heyətdə 3 dəyişiklik edilib. Hüseynovu Ruslan Abışov, sol cinah müdafiəçisi Arif Daşdəmirovu Məhəmməd Mirzəbəyov, yarımmüdafiəçi Eddi İsrafilovu isə 18 yaşlı Elnur Cəfərov əvəzləyib. İtaliya ilə qarşılaşmadan fərqli olaraq, Prosineçki hücumameyilli oyunçulara yer verib. Sadalanan 3 futbolçudan əlavə, Kamran Ağayev, Maksim Medvedev, Rəşad Sadıqov, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Əfran İsmayılov və Ruslan Qurbanov ilk "11-lik"də olacaq.

Bolqarıstan millisi isə daha çox gənclərdən ibarət heyətlə oynayacaq. Bunu Petev də oyunöncəsi mətbuat konfransında təsdiqləyib.

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2016-nın seçmə tsiklinə də Bolqarıstana qarşı matçla başlayıb. 2014-cü il sentyabrın 9-da Bakıda baş tutmuş qarşılaşmada qonaqlar qalib gəlib - 2:1.

AVRO-2016

Seçmə mərhələ

H qrupu

23:45. Bolqarıstan - Azərbaycan

Baş hakim: Tamaş Boqnar

Yan xətt hakimləri: Peter Berettyan, Qabor Erös

Dördüncü hakim: Teodoros Georgiu

Əlavə köməkçi hakimlər: İştvan Vad, Solt Sabo (hamısı Macarıstan)

Sofiya, "Vasil Levski" stadionu. 

Son xəbərlər

Orphus sistemi