​Azərbaycan millisi beynəlxalq turnirdə növbəti oyununu keçirəcək

​Azərbaycan millisi beynəlxalq turnirdə növbəti oyununu keçirəcək Rəqib Sloveniya yığmasıdır
Futbol
8 Yanvar , 2016 10:01
​Azərbaycan millisi beynəlxalq turnirdə növbəti oyununu keçirəcək

Bakı. 8 yanvar. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərində FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununa çıxacaq. "Report"un məlumatına görə, millinin C qrupunda sonuncu rəqibi Sloveniyanın U-19 komandası olacaq.

Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Hazırda hesabında 4 xal olan Təbriz Həsənovun rəhbərlik etdiyi komanda ilk 2 turdan sonra lider Sloveniya ilə birgə 1-2-ci pillələrini bölüşür. Milli komanda liderlə görüşdə qələbə qazanarsa, ən güclü 4 komanda sırasında olacaq. Qrupdakı digər komandalardan Latviya 2 xalla 3-cü pillədədir, Bolqarıstanın isə aktivində xal yoxdur.

Oyunda heç-heçə qeydə alınacağı təqdirdə, Azərbaycan yığması ən yaxşı ikinci yerin sahibi kimi də növbəti mərhələyə yüksələ bilər. Bunun üçün A və B qruplarının ikinciləri pis nəticə göstərməli, və C qrupunun digər görüşündə Latviya autsayder Bolqarıstanın qapısına 2-dən çox vurmamalıdır.

Qeyd edək ki, turnirin reqlamentinə əsasən növbəti mərhələyə 4 komanda vəsiqə qazanacaq. Bunlardan 3-ü qrupda ilk pilləni tutanlar, sonuncusu isə qrupda ən yaxşı nəticə göstərən ikinci pillənin sahibi olacaq. 

Son xəbərlər

Orphus sistemi