​Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

​Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib "Neftçi", "Qarabağ", "İnter" və "Simurq" kubok uğrunda mübarizəni davam etdirəcək
Futbol
13 Mart , 2015 19:07
​Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

Bakı. 13 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçirilib. "Report"un məlumatına görə, görüşlərdən sonra yarımfinalçılar məlum olub.

AZAL öz meydanında "Neftçi"ni qəbul edib. İlk görüşdə qolsuz bərabərlik qeydə alındığından "təyyarəçilər" növbəti mərhələyə adlamaq üçün ən azı 90 dəqiqə qapısını toxunulmaz saxlamalı idi. Lakin qonaqların yarımmüdafiəçisi Julius Vobay matçın 19-cu dəqiqəsində AZAL-ın arzusunu puç edib. "Neftçi" 1:0 hesablı qələbə qazanaraq yarımfinal mərhələsinə yüksəlib.

"Qarabağ" cavab görüşündə "Bakı"nın qonağı olub. Matçın ilk hissəsi 1:1 hesabı ilə başa çatsa da, qonaqlar 2-ci hissəyə daha aktiv başlayıb. 90 dəqiqənin sonunda Vüqar Nadirovun het-triki və Cavid Tağıyevin qolu ilə "Qarabağ" 4:1 hesablı qələbəni bayram edib. İlk oyunda isə "Bakı" rəqibinə 0:3 hesabı ilə məğlub olub.

"Simurq" isə öz meydanında ilk oyunda 3 cavabsız qolla qalib gəldiyi "Qəbələ"ni sınağa çəkib. Bölgə təmsilçilərinin görüşündə qol qeydə alınmayıb və ilk görüşün nəticəsinə əsasən Zaqatala təmsilçisi yarımfinala vəsiqə qazanıb. "Xəzər Lənkəran" və "İnter" komandalarının görüşündə isə "bankirlər" 3:0 hesablı qələbə qazanıb və növbəti mərhələyə adlayan tərəf olub.

Beləliklə, artıq yarımfinalda üz-üzə gələcək cütlüklərə də aydınlıq gəlib. Finala çıxmaq uğrunda "Neftçi" "İnter"lə, "Qarabağ" isə "Simurq"la qarşılaşacaq.

13 mart (cümə)

15:00. AZAL (Bakı) – “Neftçi” (Bakı) - 0:1

Qol: Julius Vobay, 19

Bakı, "AZAL Arena"

İlk oyun: 0:0

15:00. “Bakı” – “Qarabağ” (Ağdam) - 1:4

Qollar: Mahir Mədətov, 8 - Vüqar Nadirov, 15; 59; 70. Cavid Tağıyev, 57.

“Bakı” klubunun təlim-məşq bazasının stadionu

İlk oyun - 0:3

17:00. “Xəzər Lənkəran” – “İnter” (Bakı) - 0:3

Qollar: Asif Məmmədov, 24. Arif Daşdəmirov, 74. Əfran İsmayılov, 90.

“Xəzər Lənkəran” mərkəzi stadionu

İlk oyun - 0:2

17:00. “Simurq” (Zaqatala) – “Qəbələ” - 0:0

Zaqatala şəhər stadionu

İlk oyun - 3:0

Qeyd edək ki, 1/2 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab görüşləri isə 21-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi