Bakı. 10 aprel. REPORT.AZ/ “Qarabağ” və “Qəbələ” komandaları arasındakı futbol üzrə Azərbaycan Kubokunun final matçını əcnəbi hakimlər briqadası idarə etməyəcək. Bu barədə “Report”a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.
X.Məmmədov bildirib ki, mayın 5-də Naxçıvanda baş tutacaq həlledici görüş üçün xaricdən hakimlər dəvət etməyə ehtiyac yoxdur. O, azərbaycanlı hakimlərin işlərinin öhdəsindən yaxşı gəldiklərini söyləyib: “Bu cür söhbətlər haradan çıxır, bilmirəm. Nəyə görə əcnəbi hakim dəvət olunmalıdır? “Qəbələ” və “Qarabağ” komandalarının cari çempionatdakı 4 matçını yerli referilər idarə edib. Finalda da elə olacaq. Naxçıvanda baş tutacaq qarşılaşmanı Fariz Yusifov edəcək, yoxsa başqası, bunu indidən demək olmaz”.
Qeyd edək ki, “Qarabağ” və “Qəbələ” komandalarının ilk 2 dövrədəki matçlarını Rəhim Həsənov, son dövrələrdəki qarşılaşmalarını isə Fariz Yusifov idarə edib. Həmin görüşlərdən yalnız birində - noybarın 29-da XIII tur çərçivəsində “Qarabağ”ın 2:1 hesabı ilə qalib gəldiyi oyunda qonaqlar R.Həsənovun idarəçiliyindən narazı qalıblar.