Yuxarı

Azərbaycan Kubokunda yarımfinalçılar müəyyənləşir

Oyunların 2-si Bakıda, digərləri isə Sumqayıt və Qəbələdə keçiriləcək

Bakı. 9 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinalçılar müəyyənləşəcək. "Report"un məlumatına görə, 1/4 final mərhələsinin cavab oyunlarından 2-si Bakıda, digərləri isə Sumqayıt və Qəbələdə keçiriləcək.

Açılış matçında "İnter" və "Rəvan" komandaları qarşılaşacaq. "Bayıl Arena"da keçirilmiş ilk görüşdə "İnter" favorit hesab olunsa da, qonaqların 2:1 hesablı qələbəsi onların cavab oyununa üstün çıxmasına şərait yaradır. Lakin hesab təhlükəli olduğundan, "bankirlər" evdə minimal hesablı qələbə sayəsində mərhələ adlaya bilərlər. "Rəvan" isə ən azı hesabı qorumalıdır. 

"Kapital Bank Arena"da "Sumqayıt" və "Qarabağ" komandaları münasibətlərinə aydınlıq gətirəcək. Ev oyununda rəqib qapısından 2 cavabsız top keçirən Ağdam təmsilçisi meydana daha rahat çıxacaq. "İnter Arena"dakı qarşılaşmadan fərqli olaraq, bu dəfə qonaqlara bərabərlik, hətta bir top fərqi ilə məğlubiyyət də sərf edir.

Bu görüşlə eyni saatda "Qəbələ" - "Zirə" oyunu start götürəcək. Premyer Liqada qonşu pillələrdə yer alan komandaların görüşündə "qırmızı-qaralar" üstün tərəfdir. Bir həftə öncə səfərdə 2:1 hesablı qələbəni bayram etmiş Roman Qriqorçukun rəhbərlik etdiyi komanda bu dəfə heç-heçə sayəsində belə adını 4 komanda sırasına yazdıracaq. "Zirə" isə növbəti mərhələyə vəsiqə qazanmaq üçün qapısını toxunulmaz saxlamaqla, ən azı 2 qol vurmalıdır.

1/4 finalın son görüşü isə "Bakcell Arena"da keçiriləcək. İlk oyunda 3:2 hesablı qələbə qazanan "Xəzər Lənkəran" Premyer Liqadakı uğursuzluğunu kubok görüşündə də davam etdirməmək üçün "Neftçi"dən üstün olmağa çalışacaq. Premyer Liqada mükafatçılar sırasından xeyli aralı düşən komandalar bütün diqqətlərini kuboka yönəldib. "Xəzər Lənkəran" səfərdən heç-heçə ilə dönəcəyi təqdirdə, adını yarımfinala yazdıracaqsa, Bakı klubu bunun üçün "ağ-yaşıllar"ın qapısından heç olmasa, 2 cavabsız top keçirməlidir.

Azərbaycan Kuboku, 1/4 final, cavab görüşləri

14:00. "İnter" – "Rəvan"

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Fariz Yusifov

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Şahin Cəfərov

Bakı, "İnter Arena"

İlk oyun: 1:2

15:00. "Sumqayıt" – "Qarabağ"

Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vüqar Bayramov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Murad Məmmədov

Sumqayıt. "Kapital Bank Arena"

İlk oyun: 0:2

15:00. "Qəbələ" - "Zirə"

Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Coqşun Həsənov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Abbas Hüseynov

Hakim-inspektor: Məhəmməd Məmmədov

Qəbələ. Qəbələ şəhər stadionu

İlk oyun: 2:1

17:30. "Neftçi" - "Xəzər Lənkəran"

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Yaşar Abbasov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Xaqani Məmmədov

Bakı. "Bakcell Arena"

İlk oyun: 2:3

Qeyd edək ki, Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları aprelin 27-də, cavab görüşləri isə mayın 4-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi