​Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək

​Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək Hər iki qarşılaşma paytaxt Bakıda keçiriləcək
Futbol
13 Aprel , 2015 12:28
​Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək

Bakı. 13 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/2 final mərhələsinin ilk oyunları keçiriləcək. "Report"un məlumatına görə, hər iki görüş Bakıda baş tutacaq.

İlk olaraq azarkeşlər Ağdamın "Qarabağ" və Zaqatalanın "Simurq" klubu arasında keçiriləcək qarşılaşmanın şahidi olacaqlar. Əyalət təmsilçiləri "İnter Arena"da üz-üzə gələcək. Bu komandalar indiyədək Azərbaycan Kubokunda heç vaxt üz-üzə gəlməyiblər. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə 43 yaşının tamamlandığı gün doğulub boya-başa çatdığı Zaqatalanın təmsilçisini yenməyə çalışacaq. "Qarabağ" bu mərhələyə yüksəlmək üçün MOİK (4:2) və "Bakı"nı (3:0, 4:1), "Simurq" isə "Rəvan" (6:0) və "Qəbələ"ni (3:0, 0:0) mübarizədən kənarlaşdırıb. 

Digər matçda isə paytaxtın iki komandası - "Neftçi" və "İnter" münasibətlərinə aydınlıq gətirəcəklər. "Bakcell Arena"da keçiriləcək paytaxt derbisi hər iki komanda üçün əhəmiyyət daşıyır. Premyer Liqanın turnir cədvəlində münasib olaraq 1 xal fərqi ilə 2 və 3-cü yerləri bölüşdürən "İnter" və "Neftçi" kubokda yoluna davam etməyə çalışacaq. "Neftçi" yarımfinala qədər "Qaradağ Lökbatan"ı (3:0) və AZAL-ı (0:0, 1:0), "İnter" isə "Şahdağ" (3:0) və "Xəzər Lənkəran"ı (2:0, 3:0) yolundan kənarlaşdırıb.

Yarımfinal görüşlərini maraqlı edən amillərdən biri də baş məşqçilərlə bağlıdır. Hər iki görüşdə azərbaycanlı mütəxəssislər gürcüstanlı həmkarlarına qarşı meydana çıxacaqlar. "Neftçi" və "Qarabağ" komandalarının baş məşqçiləri Arif Əsədov və Qurban Qurbanov yerlidir. "İnter" və "Simurq"da bu vəzifəni əcnəbilər icra edir - Kaxaber Tsxadadze və Georgi Çixradze.

13 aprel (bazar ertəsi)

18:00. "Qarabağ" – "Simurq"

Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Mübariz Haşımov, Zeynal Zeynalov

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov

"İnter Arena".

19:00. "Neftçi" – "İnter"

Hakimlər: İnqilab Məmmədov, Mehman Mahmudov, Rza Məmmədov, Elşən Acalov

Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Elvin Əsgərov

"Bakcell Arena".

Qeyd edək ki, cavab görüşləri aprelin 21-də keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi