Azərbaycan klubunun inzibatçısı 5 oyunluq cəzalanıb

Azərbaycan klubunun inzibatçısı 5 oyunluq cəzalanıb AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib
Futbol
11 Noyabr , 2014 13:05
Azərbaycan klubunun inzibatçısı 5 oyunluq cəzalanıb

Bakı. 11 noyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi I divizionda çıxış edən bəzi komandaları cəzalandırıb. "Report"un məlumatına görə, ən ağır cəzaya "Bakılı" klubunun inzibatçısı Rövşən Mustafayev məruz qalıb. 

Mustafayev X turda "Ağsu" ilə oyundan sonra Rəşad Əhmədovun başçılıq etdiyi hakimlər briqadasını təhqir edib. O, 5 oyunluq diskvalifikasiyaya, klubu 500 manat cəriməyə məruz qalıb. Digər tərəfdən, "Bakılı"nın futbolçusu Fuad Namazov "Şuşa" ilə VIII turdan təxirə salınmış matçın 52-ci dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb. Namazova 2 oyunluq cəza, klubuna 200 manat cərimə kəsilib. Paytaxt təmsilçisi 4 futbolçusunun sarı vərəqə alması üzündən isə 100 manat cərimələnib.

Turun "Kəpəz" - MOİK qarşılaşmasında qonaq komandanın baş məşqçisi Namiq Adilov 32-ci, "Kəpəz" klubunun məşqçisi Anar Kələntərov isə 80-ci dəqiqədə texniki zona qaydalarını pozub. Hər iki mütəxəssis 1 oyunluq cəzalanıb, klubları isə 100 manat cərimələnib. 

Növbəti sərt cəzalar Qusarın "Şahdağ" klubuna kəsilib. "Neftçala" ilə ev oyununda "Şahdağ" 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 100 manat cərimələnib. 64-cü dəqiqədə komandanın futbolçusu Elmar Yahyabəyov kobud oyuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub isə 200 manat cərimələnib. 90-cı dəqiqədə isə Faik Ağarəhimov sonuncu ümid fouluna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəza, 20 manat cəriməyə məruz qalıb. 

"Mil-Muğan"ın futbolçusu Elnur Soltanlının "Şuşa" ilə görüşün 90+2-ci dəqiqəsində ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılması da ona 1 oyunluq cəza, 20 manat cərimə bahasına başa gəlib. Əvəzində “Qaradağ Lökbatan”la oyunda 4 futbolçusunun sarı vərəqə alması üzündən "Lokomotiv" 100 manat cərimələnib. 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar fasilə yarandığından intizam pozuntuları yalnız I divizion qarşılaşmalarında baş verib. 

Son xəbərlər

Orphus sistemi