​Azərbaycan I Divizonunda çıxış edən futbolçulardan ibarət yığma komanda yaradılacaq

​Azərbaycan I Divizonunda çıxış edən futbolçulardan ibarət yığma komanda yaradılacaq Bu gün Komitə ilə divizion klubları arasında görüş keçirilib
Futbol
29 Aprel , 2016 04:19
​Azərbaycan I Divizonunda çıxış edən futbolçulardan ibarət yığma komanda yaradılacaq

Bakı. 28 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan I Divizionunda çıxış edən futbolçulardan ibarət yığma komandanın yaradılması ilə bağlı təklif irəli sürülüb. 

"Report"un məlumatına görə, bu cür təkliflə "Bakı" klubunun təlim-məşq bazasında aşağı dəstədə çıxış edən paytaxt, eləcə də "Neftçala" və "Şahdağ" klublarının nümayəndələri ilə keçirilən görüşdə AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov çıxış edib.

V.Sadıqov ideyanın reallaşacağı təqdirdə bunun divizionda çıxış edən komanda və futbolçular üçün əlavə stimul olacağını söyləyib. Komitə sədri I Diviziondan Premyer Liqaya yüksələ biləcək komandalar haqda da danışıb: "Hazırda AFFA-nın Lisenziyalaşdırma Qrupu bu mövzuda işləyir. Elitaya kim layiqdirsə, ona da iştirak vəsiqəsi verilməlidir. İstəyirik ki, idman prinsiplərinə cavab verən bir çempionat olsun".

O, "Bakı" klubunun yaşaması üçün əllərindən gələni etdikləri deyib və bu istiqamətdə AFFA rəhbərliyi qarşısında məsələ qaldırdıqlarını söyləyib.

Komitənin üzvü Ağasəlim Mircavadov divizionda mübarizə aparan və yüksək yerləri tutan komandaların, eləcə də futbolçuların Premyer Liqada çıxış etməməsinin narahat edici məqam olduğunu bildirib. O, klubların bu istiqamətdə çalışmalı olduqlarını və elitaya yüksək səviyyəli oyunçu hazırlamaq istiqamətində səyləri artırmalarının lazımlığını vurğulayıb.

Komitənin digər üzvü Böyükağa Hacıyev isə aşağı dəstədən yüksək liqaya komandanın gəlməməsini acınacaqlı hal adlandırıb: "Məsələn, "Neftçala" çempion olacaqsa, əvəzində Premyer Liqaya "Turan Tovuz" yüksələcəksə, bu heç kimə xoş gələn hal olmaz. Əlimizdən gələni edəcəyik ki, bu məsələdə divizion klublarına kömək edək".

Məsələ ilə bağlı fikirlərini bildirən hazırda aşağı dəstənin turnir cədvəlinə başçılıq edən "Neftçala"nın prezidenti Famil Səfiyev bu cür münasibət bildirib: "Lisenziyalaşdırma ilə bağlı bütün işlər görülür. Amma yenə də eşidirik ki, Premyer Liqaya aşağı yer tutan komandalar gedəcək. Belə olan halda bizim əziyyətimiz yerdə qalır".

Son xəbərlər

Orphus sistemi