Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti: "Bakıda dünya çempionatı keçirmək istəyirik" - MÜSAHİBƏ

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti: "Bakıda dünya çempionatı keçirmək istəyirik" - MÜSAHİBƏ Sadıq Sadıqov: "Biz "Böyük Dəbilqə"ni Avropa Oyunlarına bənzətməyə çalışdıq"
Futbol
9 May , 2016 08:31
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti: Bakıda dünya çempionatı keçirmək istəyirik - MÜSAHİBƏ

Bakı. 30 aprel. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov Bakıda keçirilmiş "Böyük dəbilqə" turnirinin yekunları ilə əlaqədar jurnalistlərin suallarını cavablandırıb. "Report" S.Sadıqovun müsahibəsini təqdim edir:

- Başa çatan turnirdə Azərbaycan cüdoçuları cəmi 2 bürünc medal qazandılar. Bunu nə ilə əlaqələndirərdiniz?

- Probemlərimiz var və bunları hərtərəfli həll etməyə çalışırıq. Olimpiadaya 6 lisenziyamız var. Kişilərin mübarizəsində bir lisenziya çatmır ki, bu da 81 kq çəkidədir. Buna da ümidimiz yoxdur. Olimpiadaya 6 lisenziya ilə gedəcəyik. "Böyük Dəbilqə"də bizim üçün medal da önəmli idi. Ancaq qorxumuz da vardı ki, idmançılarımız zədələnərlər. Olimpiadaya az qalıb. Rüstəm Orucovun fotosunu yəqin ki, gördünüz. Yaxşı ki tez təslim oldu. Yoxsa qırıq da ola bilərdi. Allah eləməsin, bu, olsaydı, işi bitmişdi. Əsas ümidlərimizdən biri Rüstəmdir. Bizim üçün önəmli olan olimpiadadır. Bildiyiniz kimi, Rövnəq Abdullayev 5 aydır federasiyaya prezident təyin olunub. Bu müddətdə idmançıların şəraitinin, nəticələrin yaxşılaşdırılması üçün əlimizdən gələni etmişik. Lisenziya qazanmış ölkələrin çoxu Bakıya 2-ci, 3-cü dərəcəli idmançılarını gətirmişdi. Bizimkilər də Rusiyanın Kazan şəhərindəki Avropa çempionatından yorğun qayıtdıqlarından, belə bir fikrimiz vardı. Həmin ağır yarış 17 gün öncə bitib. Bir qızıl, bir gümüş medalımız oldu. Komanda şəklində 3-cü yeri tutduq. Həmin idmançılar istirahət etmədən, adaptasiya olmadan ikinci yarışda mübarizəyə çıxdılar. Hər çəkidə 4 iştirakçımız olsa da, 1-ci nömrə ilə digərləri arasında böyük fərq var. Olimpiadadan sonra qarşımızda duran əsas məsələlərdən biri bunu aradan qaldırmaqdır. Hər hansı idmançımız zədələnəndə, onu əvəzləyən iddialı idmançı olmalıdır.

- "Böyük dəbilqə"nin təşkilatçılığı necə dəyərləndirildi?

- Bu gün bütün dövlətlər bizim yarışa heyran qaldı. Bu da təşkilatçılıqla bağlı idi. Bakıdakı "Böyük Dəbilqə" turniri Kazandakı Avropa çempionatını kölgədə qoydu. Düzdür, təşkilatçılıqda hər şey etmək olar. Əsas odur ki, nəticə olsun. Bu oldu və şükür edək. Olimpiadanı gözləyək. Əsas məqsədimiz orada uğurlu çıxışdır. Düzdür, "Böyük Dəbilqə" lisenziya xalı verirdi. Ancaq buna cüdoçularımızın ehtiyacı yox idi. Çünki 6 idmançımız hələ əvvəldən vəsiqə qazanıb. 81 kq-da təmsilçimiz qalib gəlsəydi belə, olimpiadaya düşmək ehtimalı yox idi.

- May ayı Bakıda mötəbər turnirlərlə zəngin aydır. Bu təşkilatçılıq digər turnirlərə meydan oxumağınız kimi çıxmadı?

- Qətiyyən. Bizim işimiz budur. Biz icraçıyıq. Mən idman mütəxəssisiyəm. Dövlət məmuru deyiləm ki, kiminləsə bəhsə girim. Mənə göstəriş verilmişdi ki, yarışı yüksək səviyyədə keçirək. Sağ olsun "Neftçi" idman klubunun əməkdaşları. Hamımız əl-ələ verdik və dedik ki, nəyə görə də bunu yüksək səviyyədə etməyək? "Neftçi" öndə gedən idman klublarımızdandır və onun mütəxəssisləri yığışdı. "Böyük Dəbilqə"nin yüksək səviyyədə keçirilməsində hər birinin əməyi var. Bunu yalnız bir ailə olaraq etmək olardı. Düzdür, ilk gündə texniki qüsurlar oldu. Bu da səsləndirmə ilə bağlı idi. Belə şeylər olur. Tez bir zamanda onu aradan qaldırdıq. Kiməsə nəsə mesaj vermək fikrimiz olmayıb. Sadəcə, dedik ki, təşkilatçılığın öhdəsindən gələcəyik. Azərbaycanı cüdoda dünya çempionatını keçirə biləsi dövlətlər siyahısına daxil etdilər. Bu da bizim yüksək göstəricidir.

- Federasiya tərəfdən dünya çempionatının Bakıda keçirilməsi ilə bağlı təşəbbüs varmı?

- Biz tərəfdən əsas səylərimiz ona görədir ki, dünya çempionatını keçirmək hüququna yiyələnək. Cənab Prezidentimiz İlham Əliyevin sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və bu, danılmazdır. Dövlət başçısının diqqət, qayğısı biz idman rəhbərlərini məsuliyyətə cəlb edir ki, yarışı möhtəşəm keçirməliyik. Avropa Oyunlarından sonra Azərbaycanda hər hansı yarışı elə-belə keçirmək mümkün deyil. Üstəlik, Olimpiya lisenziyalı turniri. Biz də "Böyük Dəbilqə"ni Avropa Oyunlarına bənzətməyə çalışdıq. Həmin səviyyədə olmasa da, ona oxşadı. İstəyirik ki, 2018 və 2019-cu ildə cüdo üzrə dünya çempionatını bizim keçriməyimizə imkan yaradalar. Söhbət zalın tərtibatından getmir. Elə görünməyən nüanslar var ki, hər şeyi xırdalığına kimi nəzərə almışdıq.

- Yığmanın baş məşqçisi Peter Zayzenbaherin işini necə qiymətləndirirsiniz? O, heç ortalıqda görünmürdü...

- Mən səmimi insanam, neçə ildir bir-birimizi tanıyırıq. Baş məşqçimiz heç vaxt ortada görsənmir. Digər yarışlarda da görüşləri tribunada izləyir. Məsləhətlərini həmişə məşq zalında verir. Hər məşqçinin öz proqramı var. Biz 3-4 aya heç nə tələb edə bilmərik. Ancaq gənc istedadlarımız var. Baş katibimizdən soruşanda məlum olur ki, Azərbaycanda 10 minə yaxın yeniyetmə və gənc cüdo ilə məşğul olur. Doğrudan da bu rəqəm bizi titrətdi. Bu, futbol deyil, cüdodur. Deməli, potensialımız var. Sadəcə, baş məşqçinin tələb etdiyi ehtiyatı hazırda verə bilmirik. Bizim vaxtımız da yoxdur ki, heyəti dəyişək. Necə deyərlər, qatar getmişdi. Ona görə məcburuq Olimpiadanı bu heyətlə yola verək. Bundan sonra cüdonun inkişafı ilə bağlı proqramda hər bir şey nəzərə alınmalıdır ki, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında proqblemlərimiz təkrarlanmasın. Bunun üçün işə sıfırdan başlamalıyıq. Hazırda Azərbaycanda cüdonun fundamenti möhkəm deyil, laxlayır, tökülmək üzrədir.

- Zayzenbaherin Gürcüstan yığmasında baş məşqçi olduğu vaxt böyük xidmətləri olub. Qonşu ölkə cüdoçuları son yarışlarda da özünü güclü tərəfdən göstərdi. Azərbaycan bu növdə nə vaxt cüdoda Gürcüstan səviyyəsində uğurlar qazanacağıq?

- Zayzenbaher böyük mütəxəssisdir, 2 dəfə Olimpiya çempionu olub. Buna görə belə mütəxəssisi dəvət etmişik. London olimpiadasında Gürcüstandan adi bir uşaq Olimpiya çempionu oldu. Halbuki, həmin uşaq itib-batmışdı, onun üzərində işlədi. Ağır yarışlarımız gedir, zədəlilərimiz var. Buna baxmayaraq, iş gedir. İlk növbədə infrastrukturu düzəldəcəyik. Ancaq yerimizdə oturmayacağıq ki, bundan sonra nəticə olacaq. Baş məşqçimizin federasiya rəhbərliyi qarşısında öhdəçiliyi var və hələ ki onu yerinə yetirir, işi qənaətbəxşdir. İşinə qiymət vermək üçün olimpiadanı gözləməyə məcburuq. Ondan sonra bütün bu məsələlərə aydınlıq gələcək. Yeni struktur, yeni plan qurmalıyıq. Gürcüstanın hər bir bölgəsində super inkişaf gedib, çox gözəl infrastruktur var. Buna şahid olmuşuq. Azərbaycanda bunu qurub yaratmaq lazımdır. Bizdə vəziyyət qənaətbəxş deyil. Hər şey maliyyənin üstündə deyil ki, idmançıya pul verdin, düzələcək. Gərək şərait yaradasan, idmançıya şans verəsən, sonra nəticə istəyəsən. Bizdə də bölgələrdə şərait yoxdur. Naxçıvan cüdoçularından soruşuram, deyirlər ki, biz 10 ildir bilmirik cüdo nədir, yarış nədir, proqram nədir. Onları dəvət edəcəyik. Zaqatala-Balakən, Quba-Qusar kimi ekoloji cəhətdən sağlam bölgələrimiz var. Bizə fiziki cəhətdən güclü idmançılar lazımdır. Rayonlarda da infrastruktur yoxdur. Hamı Bakıya qaçır, orda da hamını qəbul etmək olmur.

- Hamı da güləşə qaçır...

- Bəli. Güləşdə inkişaf ondan yarandı ki, bütün regionlarda sürətlə inkişaf oldu. Düzdür, legionerlər də gəldilər. Ancaq görün son olimpiadalar arasında nə qədər fərq var. Pekində qızıl medal olmadı, Londonda heyətin yarısı legionerlər, yarısı azərbaycanlılar idi. İndi yerli güləşçilərin sayı çoxalıb. Güləş kimi boks da bizdə yaxşı inkişaf edib. İnanıram ki, cüdoda da belə olacaq.

Son xəbərlər

Orphus sistemi