Cavid Qurbanov: “Azərbaycan Avropa çempionatını yüksək səviyyədə keçirəcək”

Cavid Qurbanov: “Azərbaycan Avropa çempionatını yüksək səviyyədə keçirəcək” “Komandamız Avropa çempionatında yüksək nəticə əldə edəcək”
Futbol
2 Avqust , 2017 14:24
Cavid Qurbanov: “Azərbaycan Avropa çempionatını yüksək səviyyədə keçirəcək”

Bakı. 2 avqust. REPORT.AZ/ Bu gün Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov qurumun və 2017-ci il Avropa çempionatının Təşkilat Komitəsinin nümayəndələri ilə görüşüb.

"Report"un məlumatına görə, C.Qurbanov Voleybol Mərkəzində baş tutan təbdirdə bildirib ki, Azərbaycan voleybol üzrə qadınlar arasında Avropa çempionatını yüksək səviyyədə keçirəcək: “Artıq neçə illərdir Azərbaycan beynəlxalq yarışlara ev sahibliyi edir. AVF-ni qarşıda böyük imtahan gözləyir deyə bilərik. Səksəndən çox ölkəyə yayımlanacaq voleybol üzrə qadınlar arasında keçiriləcək Avropa çempionatı Bakıda və Göygöldə baş tutacaq. Avropa çempionatının Gürcüstanla birgə keçirilməsinə baxmayaraq, böyük məsuliyyət Azərbaycanın üzərinə düşür. Çünki 3 qrupun, yarımfinal və final oyunları ölkəmizdə təşkil olunacaq. Hər birimiz əlimizdən gələni etməliyik ki, yarışda iştirak edəcək idmançılar, qonaqlar, jurnalistlər təşkilatçılığımızdan razı qalsınlar". 

AVF prezidenti Azərbaycan yığmasının yarışda yüksək nəticə əldə edəcəyinə inandığını söyləyib: “Sizin hər hansı bir sualınız olarsa, hər zaman kömək etməyə hazırıq. Mən və AVF vitse-prezidentləri, AVF işçiləri sizləri maraqlandıran bütün məsələlərə cavab verə bilərik. Bildiyiniz kimi, AVF-in vitse-prezidenti Faiq Qarayevdir. O, həm də qadınlardan ibarət milli komandamızın baş məşqçisidir. Avropa çempionatının başlanmasına az vaxt qalıb və Faiq Qarayevi hər hansı təşkilati suallarla narahat etməyək. Çünki ən böyük məsuliyyət onun üzərindədir. Fikrimcə, komandamız Avropa çempionatında yüksək nəticə əldə edəcək. Qızlarımız buna layiqdirlər”.

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev də yarışda uğurlu çıxış edəcəkərinə inandığını deyib: “AVF bir çox beynəlxalq yarışlara ev sahibliyi edib. Avropa çempionatı isə daha böyük məsuliyyət deməkdir. İnanıram ki, bu imtahandan da yüksək nəticə əldə edəcəyik. İyul ayında Avropa Voleybol Konfederasiyasının (CEV) nümayəndələri ölkəmizdə 10 gün səfərdə oldular. Bu səfərin məqsədi Bakıda və Göygöldə test oyunlarının keçirilməsi idi. Bu barədə AVF-in nəzdində olan Voleybol Regional İnkişaf Mərkəzinin rəhbəri və Avropa çempionatının təşkilati məsələlər üzrə məsulu Nərgiz İsmayılova bizə məruzə edəcək”.

Voleybol Regional İnkişaf Mərkəzinin rəhbəri isə məruzəsində iyulun 22-25-də Bakı və Göygöldə test yoxlama oyunlarının keçirildiyini vurğulayıb: "İyulun 22-də Bakıda, Milli Gimnastika Arenasında və iyulun 25-də Göygöldə, Olimpiya İdman Kompleksində test yoxlama matçları baş tutdu. Bu oyunlarda məqsəd arenalarda işıqlandırma sistemi, “Challenge” sistem, led sistem və digər texniki məsələlər yoxlanıldı. CEV-dən gələn nümayəndələr arenalardan razı qaldılar. İyulun 28-də isə Bakıda, Heydər Əliyev Mərkəzində voleybol festivalı keçirildi. Festival Avropa çempionatının təbliği məqsədi ilə reallaşdı. Tədbirdə milli komandamızın qızları iştirak etdilər. Belə bir festival keçirildiyinə görə AVF CEV-dən təşəkkür məktubu aldı. İnternet üzərində və Bakıda kassalarda bilet satışına da start vermişik. Bu gün üçün hər hansı bir həll olunmayan sualımız yoxdur”.

Sonda Avropa çempionatının Təşkilat Komitəsinin nümayəndələri çıxış ediblər. Onlar da öz növbələrində Avropa çempionatının keçirilməsi üçün təşkilati məsələlərdə hər bir kömək edəcəklərini vurğulayıblar.

Qeyd edək ki, Avropa çempionatının final oyunları 22 sentyabr – 1 oktyabrda Azərbaycan və Gürcüstanda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi