AZAL klubunun futbolçusu: "Sentyabrın maaşını 15 gün əvvəl almışıq" - MÜSAHİBƏ

AZAL klubunun futbolçusu: "Sentyabrın maaşını 15 gün əvvəl almışıq" - MÜSAHİBƏ "Biz pula görə oynamırıq"
Futbol
28 Noyabr , 2016 14:30
AZAL klubunun futbolçusu: Sentyabrın maaşını 15 gün əvvəl almışıq - MÜSAHİBƏ

Bakı. 28 noyabr. REPORT.AZ/ AZAL futbol komandasının müdafiəçisi Ruslan Əmircanovun "Report"a müsahibəsi

- Azərbaycan Premyer Liqasının ötən turunda "Sumqayıt"ı qəbul etdiniz. Hesabda öndə olsanız da, qələbəni əldən verdiniz. Oyunla bağlı nə deyə bilərsiniz?

- Hazırda sonuncu pillədə qərarlaşmışıq. Özümüz də bilirik ki, komanda bu pillədə olmamalıdır. Niyə burada olduğumuzun cavabını axtarırıq. Elə oyunlar var ki, yaxşı oynasaq da, qalib gələ bilməmişik. Ancaq bizə hazırda yaxşı oynayıb uduzmaq lazım deyil. Biz qələbə qazanmalıyıq. "Sumqayıt"la səfər oyununda da 1:0 hesabı ilə öndə olsaq da, sonda heç-heçə oldu. Yenə eyni nəticə qeydə alındı. Düzdür, rəqib bizdən öncə "Neftçi"ni məğlub etmişdi. Ancaq bu oyunda qalib gəlmək şansımız var idi. İlk hissədə rəqibdəki boşluqları görüb bundan istifadə etdik. Buna baxmayaraq, qalib gələ bilmədik. Təcrübə sarıdan problemimiz yoxdur. Bu oyunda içi mən qarışıq, adi ötürmələri verə bilmədik. Ardıcıl 5-6 ötürmə edə bilmirdik. Demirəm ki, kimsə oyuna hazır deyildi. Çox yaxşı hazırlaşmışdıq. Qalib gəlmək istəyirdik. Buna görə bir qədər tələsirdik. Tələskənliyimizdən tez-tez top itirirdik. Qol fürsətlərindən də istifadə edə bilmədik. Məncə, qələbəyə biz layiq idik.

- Komanda ilk hissədə hücuma daha çox keçirdi, ancaq ikinci hissədə müdafiə olunmağa başladı...

- Fasilədə baş məşqçimiz Tərlan Əhmədov "Nə badə müdafiədə oturasınız" dedi. İkinci hissədə rəqib dəyişiklik edib, hücumu gücləndirdi. Biz hücum etdiyimiz zaman belə rəqibin 3 hücumçusu - Vaqif Cavadov, Məhəmməd Qurbanov və Mirabdulla Abbasov irəli xətdə dayanır və geri çəkilmirdi. Buna görə, məcburən müdafiəyə diqqət yetirirdik. Amma yekunda 3 xal qazanacağımız halda, 2 xal itirdik.

- Rəqib komandalar "AZAL Arena"nın ot örtüyündən şikayətlənirlər...

- Ümumiyyətlə, Avropada demək olar, süni ot örtüyü yoxdur. Ancaq Azərbaycan Premyer Liqasında çıxış edən 8 komandadan 4-nün meydanı süni örtüklüdür. Süni örtüyün də növləri var. Məsələn, İsveçrənin "Yanq Boyz" komandası da süni örtükdə oynayır. Ancaq bu örtüklər təbiidən fərqlənmir. Bizdəki süni örtük isə uzun müddətdir dəyişmir. Buna görə istənilən səviyyədə deyil. Bu, zədələrə səbəb olur. Əvvəllər belə zədələr yox idi. Zədəli futbolçu bu cür meydanda bərpa prosesini də çətin keçir.

- AZAL bu meydanda bir neçə xal qazanıb. Demək olarmı ki, ot örtüyü AZAL-a daha çox kömək edir?

- Ola bilər, biz bu meydançada çox oynadığımızdan, bir qədər öyrəşmişik. Ancaq burada oynayan cavanlar bunun mənfi nəticəsini gələcəkdə görəcəklər.

- Komandanın zəif çıxışında maliyyə probleminin nə dərəcədə rolu var. Maaşlarınızı vaxtlı-vaxtında ala bilirsinizmi?

- Maaşı sonuncu dəfə 15 gün öncə almışıq. Həmin vaxt sentyabrın maaşını verdilər. Biz burada pul üçün oynamırıq. Komandaya mükafat vəd olunur. Qalib gəlsək, mükafat da alacağıq. Hamımız meydanda özümüzü yaxşı tərəfdən göstərməyə çalışırıq.

- Rəhbərliklə görüşürsünüz?

- Hər oyundan sonra vitse-prezidenti Fikrət Hüseynov maraqlanır. O, bizə həmişə dəstək verir. Komanda udsa da, uduzsa da, dəstəyini əsirgəmir. Rəhbərlikdən bizə deyiblər ki, qışda vəziyyət yaxşı olacaq. Yəqin ki, büdcə artırılar.

- Növbəti turda "Neftçi" ilə qarşılaşacaqsınız. Rəqibiniz heç də yaxşı günlərini yaşamır. Bu, sizə qalib gəlmək üçün yaxşı fürsət verir...

- Orada nə baş verdiyi bizi maraqlandırmır. Ümumiyyətlə, futbolda asan oyun olmur. Bu gün də qalib gəlirdik, ancaq sonda bir xalla kifayətləndik. Futbol elə oyundur ki, bütün komanda yaxşı oynasa da, bir oyunçunun səhvindən hər şey dəyişə bilər.

- İndi mütəmadi oynayırsınız. Millinin baş məşqçisi Robert Prosineçkidən dəvət gözləyirsinizmi?

- "İnter"də mütəmadi olaraq oynamırdım. İndi isə oynayıram. Fiziki cəhətdən tam hazıram. Ancaq oyun baxımından 100 faiz hazırlıqlı deyiləm. Öz oyunumu yaxşılaşdırmalıyam. Klubda özümü nə qədər yaxşı göstərsəm, millinin məşqçilərinin də diqqətini çəkərəm. Əvvəllər milliyə çağırılmışam. Barəmdə məlumatları var. Yığmaya çağırılsam, çıxıb canla-başla kömək edərəm. Millidə mənim mövqeyimdə oynayanlardan özümü zəif saymıram. Rəqabət aparmağa hazıram. Dəvət gəlsə, özümü yaxşı tərəfdən göstərməyə çalışacağam.

Son xəbərlər

Orphus sistemi