Bakı. 18 noyabr. REPORT.AZ/ "Azərbaycan milli komandasının baş məşqçisi postuna kimin gətiriləcəyini hələ bilmirəm. AFFA ilə bir çox namizəd barədə fikir mübadiləsi aparırıq". "Report"un məlumatına görə, bunu Türkiyədə səfərdə olan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov yerli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki. futbol yığmamızın sükanı arxasına gətiriləcək mütəxəssisin ilk növbədə futbol məktəbi və mədəniyyəti olmalıdır. Çünki həmin şəxs təkcə əsas milli ilə yox, aşağı yaş qrupları üzrə yığmalar və Azərbaycan Premyer Liqası ilə maraqlanmalıdır: "Hazırda ingilis, alman, xorvat və türk mütəxəssislərin namizədlikləri nəzərdən keçirilir".
Türkiyəli mütəxəssis qismində Yılmaz Vuralın adı hallanır. Bu barədə Y.Vuralın özü Türkiyə mətbuatına açıqlama verib. Lakin A.Rəhimov namizədlərdən heç birinin adını çəkməyib.
Qeyd edək ki, hazırda italiyalı Marko Tardellinin Azərbaycan millisinin sükanı arxasına keçəcəyi bildirilir. Lakin A.Rəhimovun dediklərinə əsasən, M.Tardellinin namizədlər arasında olmadığı qənaətinə gəlmək olar.