Ayxan Abbasov: "Oyuna hazır olmasaq da, iki qol vurduq"

Ayxan Abbasov: "Oyuna hazır olmasaq da, iki qol vurduq" "Cavab matçı daha çətin olacaq"
Futbol
29 İyun , 2017 23:40
Ayxan Abbasov: Oyuna hazır olmasaq da, iki qol vurduq
Ayxan Abbasov

Bakı. 29 iyun. REPORT.AZ/ "Belə oyun gözləyirdik. Çətin olacağını bilirdik. Çünki 100 faiz hazır deyilik. Bəzi futbolçular bizə gec qoşulub. Buna rəğmən iki qol vurduq".

"Report" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Lüksemburqun "Differdanj" komandası üzərində 2:0 hesablı qələbədən sonra təşkil edilən mətbuat konfransında deyib.

36 yaşlı mütəxəssis bildirib ki, cavab matçı daha çətin olacaq:

"Qarşıda cavab matçı da var. Ona hazırlaşacağıq. Azarkeşlərə də minnətdarlığımı bildirirəm".

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

Qalib gəlsəniz də, komandanızda həyəcan hiss olunurdu...

- İlk dəqiqələrdən həyəcan vardı. Çünki evdə oynayırdıq, qalib gəlməli idik. Müdafiədə iki yeni futbolçu var. Səhvlərimizin olması normaldır.

Qapıçı Anar Nəzirovla sol cinah müdafiəçisi Təmkin Xəlilzadə, eləcə də dayaq yarımmüdafiəçisi Milan Duriç yaxşı təsir bağışlamadılar. Siz necə düşünürsünüz?

- Bəzi futbolçularda həyacan vardı. Məsələn, ilk hissədə Orxan Əliyevi qeyd edərdim. Təmkinə gəlincə, ötən mövsüm hücumda olduğu qədər fəallıq nümayiş etdirməsə də, ümumilikdə pis oynamadı. Anarın çıxışından da razı qaldım.

Çatışmazlıqları aradan qaldırmağa bir həftə bəs edəcək?

- Bu fiziki çatışmazlıqla bağlı deyil. Futbolçularımızın uyğunlaşması üçün vaxt lazımdır. İlk rəsmi matçımız idi. Oyundan-oyuna yaxşı olacaq.

Qeyd edək ki, bu kollektivlər arasında cavab matçı iyulun 6-da Lüksemburqda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi