Yuxarı

​Avropa çempionatını Azərbaycanda iki kanal birgə yayımlayacaq

Qitə birinciliyində 51 oyun keçiriləcək

Bakı. 2 iyun. REPORT.AZ/ Fransada keçiriləcək futbol üzrə Avropa çempionatını Azərbaycanda "CBC Sport" və İctimai Televiziya (İTV) yayımlayacaq.

Bu barədə "Report"a "CBC Sport" kanalının baş direktoru Volkan Üst məlumat verib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi kanal qitə turnirinin 28 oyununu canlı olaraq azarkeşlərə təqdim edəcək: "Fransada ilk dəfə 24 komandanın iştirakı ilə Avropa çempionatı keçiriləcək. 4 ildən bir təşkil olunan qitə birinciliyində bu dəfə 51 oyun keçiriləcək. Məmnuniyyətlə açıqlamaq istəyirəm ki, 51 oyundan 28-i "CBC Sport" kanalı vasitəsilə yayımlanacaq. Avro-2016-nın əsas yayım hüququ, İctimai Televiziyaya məxsusdur. Azərbaycanda belə mötəbər yarışın iki kanalda yayımlanması futbolumuzun inkişafı və təbliği baxımından olduqca müsbət haldır. Bu işdə "İctimai Televiziya"nın rəhbərliyinə və yaradıcı heyətinə uğurlar arzu edirəm. Ümid edirəm ki, futbolsevərlər maraqlı mübarizədən və bizim birgə işimizdən zövq alacaqlar".

V.Üst turnirin keçirildiyi müddətdə Parisdə kanalın studiyasının da fəaliyyət göstərəcəyini deyib: "CBC Sport" Avropa çempionatı zamanı daha bir ilki gerçəkləşdirəcək. Bir ay boyunca Parisdə studiyamız olacaq. Fransaya ezam olunacaq əməkdaşlarımız Avropa çempionatının bütün oyunlarını ətraflı olaraq "Paris gündəliyi" adlı verilişdə müzakirə edəcəklər. Onu da qeyd edim ki, "Paris gündəliyi" hər gün 3 dəfə canlı yayımda izləyicilərə təqdim olunacaq. Avro-2016 zamanı stadionlarda və fan-zonalarda baş verən hadisələri də tamaşaçılara operativ olaraq Parisdən çatdıracağıq". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi