Yuxarı

AVRO-2020-yə hazırlıq məqsədi ilə Bakı Dövlət Universitetində görüş keçirilib

AVRO-2020-yə hazırlıq məqsədi ilə Bakı Dövlət Universitetində görüş k

AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunları ilə əlaqədar yaradılmış Əməliyyat Qrupu tədbirə hazırlıq məqsədilə Bakı Dövlət Universitetinin tələbə və müəllim heyəti ilə görüş keçirib.

"Report"un məlumatına görə, 250-dən çox tələbənin iştirak etdiyi görüşdə Avropa çempionatının tarixi, maraqlı faktlarla yanaşı, Könüllülər Proqramının ötənilki uğurları, eləcə də AVRO-2020 ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqqında təqdimat nümayiş olunub.

Tədbirdə təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsul olan AFFA-nın əməkdaşı, AVRO-2020 “Könüllülər Proqramı”nın səfiri Taleh Yüzbəyov da iştirak edib. Qonaqlar tələbələrin idman və qeyri-idman sahəsində lazımi təcrübə əldə etməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, onların irimiqyaslı və ölkə əhəmiyyətli tədbirlərlə bağlı texniki bilik və bacarıqlarının artırılması baxımından bu cür tədbirlərin təşkilinin əhəmiyyətindən danışıblar, həmçinin bir zamanlar könüllü olaraq qazandıqları təcrübəni və xatirələri tədbir iştirakçıları ilə bölüşüblər.

Könüllülər Proqramı nəinki tələbələr, həmçinin qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıqdır. Proqram çərçivəsində tələbələr üçün təşkilati məsələlərlə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klassların və sair kimi tədbirlərin keçirilməsi planlaşdırılır.

Noyabrın 15-dək davam edəcək universitet kampaniyası paytaxtda fəaliyyət göstərən 21 təhsil ocağını əhatə edəcək.

Qeyd edək ki, Avro-2020 Bakı Könüllülər Proqramına qeydiyyat 29 noyabr saat 23:59-da yekunlaşacaq. Müraciət etmək istəyənlər UEFA-nın rəsmi portalından (https://applicantportal.enterprise.uefa.com/landing) qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin müvafiq qərarına əsasən, AVRO-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması BOS-da təşkil olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi