Yuxarı

AVRO-2020-nin bilet satışına start verilib

AVRO-2020-nin bilet satışına start verilib

UEFA AVRO-2020-nin biletlərini satışa çıxarıb.

“Report” xəbər verir ki, Bakı, Budapeşt və Buxarestdə keçiriləcək qarşılaşmalara giriş 30 avrodan, digərlərində isə 50 avrodan başlayır.

İştirakçı ölkələr üçün ayrılan bilet sayı

Qrup mərhələsi: Kopenhagen – 14 000, Amsterdam, Bakı, Bilbao, Budapeşt, Buxarest, Qlazo, Dublin və Sankt-Peterburq – hər komandaya 20 000, Münhen, Roma – 24 000, London – 28 000 

1/8 final: Amsterdam, Bilbao, Budapeşt, Buxarest, Qlazo, Dublin, Kopenhagen və London – 12 000

1/4 final: Bakı, Münhen, Roma və Sankt-Peterburq – 12 000

1/2 final: London – 24 000

Final: London – 26 000 bilet.

Sifarişlər dekabrın 18-də Bakı vaxtı ilə saat 17:00-dək qəbul olunacaq. AVRO-2020-nin qalan 4 iştirakçısı 26 – 31 mart 2020-ci ildə keçiriləcək pley-off oyunlarından sonra bəlli olacaq. Avropa çempionatına vəsiqə qazanacaq komandaların azarkeşləri həmin raund başa çartandan sonra bilet üçün müraciət edə biləcəklər.

Bu ilin yayında neytral azarkeşlər üçün nəzərdə tutulan bilet satışının ilkin mərhələsi uğurlu olub. 1,5 milyon bilet üçün 19,3 milyon müraciət qeydə alınıb. Turnir üçün ümumilikdə 3 milyondan çox bilet satılacaq.

AVRO-2020-yə vəsiqə qazanan hər bir yığmanın təmsil olunduğu milli assosiasiya bilet müraciətləri ilə bağlı tələbləri özü müəyyənləşdirir. Tərəfdarlar qrup mərhələsi matçlarına və ya “Follow my Team” paketini sifariş edə biləcəklər. Bu paket məkandan asılı olmayaraq, azarkeşin dəstəklədiyi komandanın pley-off oyununa girişə imkan verəcək. Komanda pley-offa vəsiqə qazanmasa, biletlərin pulları geri qaytarılacaq.

Tələb təklifi üstələdikdə, bilet sahibi olacaq şəxslər lotereya vasitəsi ilə müəyyənləşdiriləcək. Milli assosiasiyalar müraciətlərlə bağlı 2020-ci ilin yanvarından gec olmayaraq, UEFA-ya məlumat verməlidirlər.

“Fans First” strategiyasına əsasən, AVRO-2020-yə vəsiqə qazanan komandaların azarkeşlərinə yarımfinal və final üçün qiyməti 85 və 95 avro olan biletlər təklif olunacaq. Millisi həmin mərhələlərə vəsiqə qazanmayan tərəfdarlar pullarını geri ala biləcəklər.

Neytral azarkeşlər isə EURO2020.com/tickets internet ünvanından bilet üçün müraciət etməlidirlər.

Qeyd edək ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq.

İyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi