Yuxarı

AVRO-2020-də Azərbaycan millisinin də iştirakına nail olmaq üçün məşqçilərə tapşırıqlar verilib

İstedadlı gənc futbolçular indidən diqqət mərkəzində saxlanılacaq

Bakı. 18 dekabr. REPORT.AZ/ AFFA-nın Futbol Akademiyasında baş katib Elxan Məmmədovun, Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin, texniki direktor Bernhard Lippertin, Məşqçilər Komitəsinin üzvlərinin və müxtəlif yaş qruplarından ibarət yığma komandalarda çalışan məşqçilərin iştirakı ilə görüş keçirilib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə dekabrın 14-də Bakı Olimpiya Stadionunda Azərbaycan Premyer Liqası klublarının baş məşqçiləri ilə keçirilmiş görüş xatırlanaraq səmərəli müzakirələrin aparıldığı bildirilib. 

Eyni zamanda milli komandaların məşqçi heyəti ilə klubların məşqçiləri arasında qarşılıqlı əlaqənin yüksək səviyyədə olmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, 2020-ci ildə təşkil olunacaq və 4 oyunu Bakıda keçiriləcək Avropa çempionatında Azərbaycan milli komandasının iştirakına nail olmaq üçün istedadlı gənc futbolçular indidən diqqət mərkəzində saxlanılmalı, bununla əlaqədar yığma və klub məşqçiləri sıx əməkdaşlıq etməli, zərurət yaranacağı təqdirdə gənc futbolçularla fərdi məşqlər də keçirilməlidir.

AVRO-2020-də çıxış edə biləcək milli komandanın formalaşdırılması üçün qısa müddət ərzində ən azı 30 nəfərdən ibarət 1994 - 2000-ci il təvəllüdü futbolçuların siyahısının tərtib olunması, həmin futbolçulara fərdi məşqlərin keçirilməsi məqsədilə metodiki vəsaitin hazırlanması qərara alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi