Yuxarı

​Avro-2016 (U-17): Azərbaycan millisi ilk xalını qazanıb

Rəqib Belçika komandası olub

Bakı. 8 may. REPORT.AZ/ Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının qrup mərhələsində növbəti oyununu keçirib. Şuşa şəhərinin işğal günü ilə əlaqədar yığmamızın üzvləri meydana qara sarğı ilə çıxıblar.

"Report"un məlumatına görə, Təbriz Həsənovun rəhbərlik etdiyi komandanın rəqibi Belçika yığması olub.

Matçın ilk hissəsində komandalar fərqlənməyə çalışsalar da, onların bu istəkləri nəticə verməyib. İlk yarı qolsuz bərabərliklə başa çatıb. İkinci hissədə komandalar daha çox aktivlik göstərib. Matçın 59-cu dəqiqəsində rəqibin hücumu zamanı qapıçı Məmməd Hüseynov zədələnərək Kamran İbrahimov ilə olunub. Bundan sonra Belçika yığması müdafiənin səhvindən istifadə edərək hesabı açıb. Adrien Bonqiovanni adını tabloya yazdırıb - 1:0. Cəmi 6 dəqiqə sonra - matçın 78-ci dəqiqəsində Murad Mahmudov hesaba tarazlıq gətirib. Bundan sonra oyun daha da gərginləşib. Matçın artırma dəqiqələrində Lois Opendə qapı dirəyini hədəf alıb.

Qrupun digər oyununda Portuqaliya yığması Şotlandiyanı qəbul edib. Görüş portuqalların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Nəticədə Portuqaliya yığması 6 xalla birinci pillədə möhkəmlənib. Belçika 4 xalla ikinci, Azərbaycan isə 1 xalla 3-cü pillədə qərarlaşıb. Aktivində xal olmayan Şotlandiya yığması isə sonuncudur.

Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində sonuncu oyununu mayın 11-də Şotlandiya yığmasına qarşı keçirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi