"Atletiko"nun prezidenti: "Qarabağ"la oyunlarda 14 000 şansımız oldu"

"Atletiko"nun prezidenti: "Qarabağ"la oyunlarda 14 000 şansımız oldu" Enrike Serezo: "Çelsi" ilə "Roma"nın "Qarabağ"la görüşlərdə büdrəyəcəklərinə ümid edirik"
Futbol
11 Noyabr , 2017 16:37
Atletikonun prezidenti: Qarabağla oyunlarda 14 000 şansımız oldu

Bakı. 11 noyabr. REPORT.AZ/ "Mən gur səslə demək istərdim: Simeone oyunçular, klubun direktorları və azarkeşlər üçün toxunulmazdır. Şübhəsiz ki, ona hər şeyi etməsinə icazə verilir".

"Report"un məlumatına görə, bunu İspaniya "Atletiko"sunun prezidenti Enrike Serezo komandanın baş məşqçisi Dieqo Simeonenin ünvanına yönəlmiş tənqidlərə cavab verərkən deyib. Serezo komandanın Çempionlar Liqasının qrup mərhələsindəki çıxışını belə dəyərləndirib: "Bunu hər zaman deyirəm: Biz futbol oynayırıq. Oyun isə necə varsa, elədir. Hərdən udur, hərdən də uduzursan. "Roma" ilə oyunda hesabı 4 dəfə aça bilərdik. "Qarabağ"la matçlarda isə 14000 şansımız oldu. Bu, təkcə "Atletiko"nun oyunçularının yox, bir çox elit klubun üzləşdiyi problemdir. Mən yenə fantastik komandamızın, gözəl baş məşqçimizin və fenomenal fanatımızın olduğu fikrindəyəm. Bunlar mənim üçün kifayətdir".

Klub prezidenti C qrupunda 4 oyundan 2 xala malik "Atletiko"nun qalan 2 matçda möcüzə etməsinin çətin olacağını deyib. Bununla belə, Serezo bildirib ki, möcüzəyə yalnız komandanın özü inana bilər: "Siz klubun ayağa qalxacağını hamıdan az gözlədikdə onda da heç nə alınmayacaq. Hədəfimiz qalan 2 oyunu udmaq və "Çelsi" ilə "Roma"nın "Qarabağ"la görüşlərdə büdrəyəcəklərinə ümid etməkdir. Avropa Liqasına düşsək belə, titul uğrunda mübarizə aparacağıq. Qazanacağımız istənilən titul çox yaxşı nailiyyət olacaq".

Qeyd edək ki, "Atletiko" indiyədək İtaliya "Roma"sı və "Qarabağ"la səfər oyunlarından qolsuz heç-heçə ilə ayrılıb. Azərbaycan komandası ilə Madriddəki görüş isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Yalnız "Çelsi" ilə ev oyununda "Atletiko" məğlubiyyətlə üzləşib - 1:2. 4 turdan sonra C qrupuna 8 xalla "Roma" başçılıq edir. "Çelsi"nin 7, "Atletiko"nun 3, "Qarabağ"ın 2 xalı var. Noyabrın 22-də keçiriləcək V tur matçlarında "Qarabağ" "Çelsi"ni, "Atletiko" "Roma"nı sınağa çəkəcək. Son turda - dekabrın 5-də isə "Roma" "Qarabağ"ı, "Çelsi" "Atletiko"nu qəbul edəcək. 

Son xəbərlər

Orphus sistemi