"Astra"nın baş məşqçisi: "Şəhərinizi çox bəyəndim və yenidən bura qayıdacağıma ümid edirəm"

"Astra"nın baş məşqçisi: "Şəhərinizi çox bəyəndim və yenidən bura qayıdacağıma ümid edirəm" Edvard Yordanesku "Zirə" ilə oyunda futbolçularının yersiz məqamarda yerə yıxılmalarına münasibət bildirib
Futbol
20 İyul , 2017 23:53
Astranın baş məşqçisi: Şəhərinizi çox bəyəndim və yenidən bura qayıdacağıma ümid edirəm

Bakı. 20 iyul. REPORT.AZ/ "Oyunçularımı, komandamı qələbə münasibətilə təbrik edirəm. Dünən qeyd etdiyim kimi, oyun çox çətin keçdi. Birinci hissədə hücum planında çox güclü “Zirə” gördüm. Oyunçularımı buna hazırlamışdım. Artıq növbəti mərhələ barədə düşünə bilərik".

"Report"un məlumatına görə, bunu Rumıniya “Astra”sının baş məşqçisi Edvard Yordanesku "Zirə" ilə 0:0 hesablı heç-heçə etdikləri Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis cavab görüşündə qol buraxmadan mərhələ adlamalarından məmnunluğunu bildirsə də, hücumda, xüsusilə, əks-hücumda oyunlarından narazılıq ifadə edib:

"Bəzi epizodlarda yaxşı fürsət əldə etsək də, dəyərləndirə bilmədik. Gənc komandayıq. Təxminən 5-6 həftədir bir yerdəyik. Səhv edə-edə öyrənirik. “Zirə”ni də təbrik edirəm. Onlar meydanda vuruşdular. Şəhərinizi çox bəyəndim və ümid edirəm ki, yenidən bura qayıdaraq, yerli komandalardan biri ilə qarşılaşacağıq".

E.Yordanesku matç zamanı "Astra" futbolçularının yersiz məqamarda yerə yıxılaraq, meydanda gərginlik yaratmalarına belə münasibət bildirib:

"Təbii ki, bütün bunlar futbolda baş verən hadisələrdir. Xatırlayırsınızsa, ilk oyunda hesab bərabər olduğu zaman “Zirə”nin oyunçuları da simulyasiyaya əl atırdılar. Bu, normaldır. Rəqib təzyiqi artıranda bu cür hallar olur".

Baş məşqçi "Zirə"nin kifayət qədər yaxşı oyunçulara malik olduğunu deməklə yanaşı, hakimlikdən də razılıq ifadə edib:

"Ədalətli oyun oldu. Onları da başa düşmək olar. Müəyyən təzyiqlər olurdu".

"Astra" ilk oyunda 3:1 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi