Yuxarı

"Arsenal"ın deyingənliyi - Bakıda itirilən azarkeşlər - ŞƏRH

"Arsenal"ın deyingənliyi - Bakıda itirilən azarkeşlər - ŞƏRH
© Report/Firi Salim

İngiltərənin “Çelsi” və “Arsenal” komandaları mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununa fərqli formada hazırlaşırlar.

“Report” xəbər verir ki, “zadəganlar” hazırda ABŞ-da təlim-məşq toplanışında olduqları halda, “topçular” başqa strategiya seçiblər və daha çox deyinməklə məşğuldurlar. “Arsenal”ın rəsmi saytında yer alan açıqlamada klub həm yolun uzaqlığından, həm də azarkeşləri üçün 6 min bilet ayrılmasından şikayətçidir. Halbuki UEFA İcraiyyə Komitəsi final matçının Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərarı 2017-ci il sentyabrın 20-də qəbul edib. Qarşılaşma üçün hər bir kluba 6 min bilet ayıran da Azərbaycan yox, Avropa futbol qurumudur.

Azərbaycan və İngiltərə Avropa ailəsinin bərabərhüquqlu üzvləridir. Cari mövsümdə ingilislərin çiyninə xoşbəxtlik quşu qonub. “Liverpul” və “Tottenhem” Çempionlar Liqasının finalına vəsiqə qazandığı halda, Londonun daha iki təmsilçisi - “Arsenal” və “Çelsi” Avropa Liqasının həlledici görüşündə üz-üzə gələcək. Azərbaycan öz növbəsində finalı ən yüksək səviyyədə təşkil etməyə hazırdır. "Deyingənlər"in isə diqqət yetirməli olduqları sadə bir məntiq var: London Bakıya nə qədər uzaqdırsa, Bakı da Londona bir o qədər uzaqdır. Yəni, sabah Azərbaycan təmsilçisi “Qarabağ” İngiltərədə bir avrokubok finalı oynayası olsa, məsafə uzaqdır deyə, UEFA-nı topa tutmalıdır?

Ümumiyyətlə, “Arsenal”ın finalla bağlı sərgilədiyi mövqe başadüşülən deyil. Müqayisə aparaq: “Zeelo”nun hesablamalarına görə, “Çelsi”nin dünya üzrə 145 milyon azarkeşi, sosial şəbəkələrdə isə 75 milyon izləyicisi var. “Arsenal”da isə bu göstərici müvafiq olaraq 125 milyon və 65 milyondur. “Zadəganlar” il ərzinə dünya üzrə 1 milyon 650 min futbolka satıb, “topçular” isə 1 milyon 125 min. İndi belə çıxır ki, daha böyük azarkeş ordusuna malik “Çelsi” tərəfdarlarının təəssübkeşliyini çəkmir?

Əlbəttə, hər hansı məsələyə etiraz etmək “Arsenal”ın haqqıdır. Ancaq oyuna hazırlaşmaq əvəzinə gah məsafəni, gah bilet sayını, gah da Ermənistan millisinin futbolçusu Henrix Mxitaryanın Bakıya səfər məsələsini gündəmə gətirmək, ilk növbədə, “Arsenal”a ziyan vurur.

Əvvəla, bütün dünya bilməlidir ki, Mxitaryanla bağlı problem onun milliyyəti və ya daşıdığı pasportla bağlı deyil. Problem onun Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ ərazisinə 2009-cu ildən qanunsuz səfərləridir. Milliyyətçi biri olan futbolçu bir neçə dəfə Xankəndinə baş çəkib və oradakı separatçı rejimə dəstək verib.

Mxitaryanın bu təəssübkeşliyinin nəticəsidir ki, ötən il dekabrın 13-də Londonda Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Arsenal” və Azərbaycan çempionu “Qarabağ” arasında baş tutmuş matçın 90+3-cü dəqiqəsində erməni azarkeş separatçı rejimin bayrağı ilə meydana daxil oldu. “Arsenal” isə insidentə görə üzr istəmək əvəzinə bundan sonra “Emireyts” stadionunda təhlükəsizlik tədbirlərini gözdən keçirəcəyini bəyan etdi.

Mxitaryanın indiyə qədər iki dəfə Bakıya səfər etmək imkanı olub. O, Almaniyanın "Borussiya" (Dortmund) komandasında çıxış etdiyi vaxt 2015-ci il oktyabrın 22-də "Qəbələ" ilə matç və “Arsenal”ın heyətində ötən ilin oktyabrın 4-də "Qarabağ"la oyun üçün Azərbaycana gələ bilərdi. Azərbaycan hökuməti Dağlıq Qarabağa qanunsuz səfərə rəğmən, indi və əvvəlki hallarda Mxitaryana viza verməyə razı olaraq, təhlükəsizlik təminatı verib. Lakin hər iki halda, klubdakı məsul şəxslər onun Bakıya gəlişinin komandaya ziyan vuracağını yaxşı bildikləri üçün gətirməyiblər. Çünki yaxşı başa düşüblər ki, Mxitaryan Bakıda meydana çıxsa, azarkeşlər onu davamlı şəkildə fitə basacaqlar. Belə bir atmosferdə isə onun komanda üçün faydalı olamayacağı bəlli məsələdir.

Güman ki, Mxitaryan yenə də Bakıya gətirilməyəcək. Artıq İngiltərə mətbuatında bu yöndə xəbərlər yer alıb. Bu əhvalatda ikrah hissi oyadan əsas məqam təhlükəsizlik məsələsinin gündəmə gətirilməsidir. “Arsenal” kimi top-klubun məsələnin mahiyyətini bilmədən bu işə qol qoyması təəssüf hissi doğurur.

Erməni idmançılar 2007-ci ildə güləş, 2011-ci ildə boks üzrə dünya çempionatında, 2015-ci ildə şahmat üzrə Dünya Kubokunda və ya “Bakı 2015” I Avropa Oyunlarında iştirak edən zaman heç bir problemlə üzləşməyiblər. Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanı təmsil edən erməni boksçu Gevorq Manukyana I Avropa Oyunlarında qazandığı medalı şəxsən təqdim etməsi isə təhlükəsizlik məsələsini gündəmə gətirənlərin təxribatçı olmasının sübutudur.

“Arsenal” isə bilərəkdən və ya bilməyərəkdən təxribatçılıqla məşğuldur. Lakin klub bilməlidir ki, tutduğu mövqe final oyunu zamanı bumeranq effekti ilə öz üzərinə qayıdacaq. “Topçular” əmin olmalıdırlar ki, bu davranışlarından dolayı Azərbaycandakı azarkeşlərinin böyük qismini itirəcəklər və artıq itirməkdədirlər. “Arsenal” deyingənliyinin bədəlini onların və dünənə qədər neytral olan azərbaycanlı futbolsevlərin finalda “Çelsi”yə azarkeşlik etməsi ilə ödəyəcək.

Halbuki, ötən ilin oktyabrında “Qarabağ”la oynamasına rəğmən, klub Azərbaycanda çox yaxşı qarşılandı. Komandanın ölkədə böyük rəğbətə malik olan türk əsilli futbolçu Mesut Özil isti münasibətə görə azərbaycanlılara təşəkkür etdi... İndi isə Bakıda “Çelsi”yə Londondan və ya başqa yerlərdən gələnlər deyil, azərbaycanlılar da azarkeşklik edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi