Yuxarı

​Arif Əsədov: "Biz “Qarabağ”la Ağdamda da oynamağa hazırıq"

Prosineçki futbolçularımızdan bir neçəsinin adını da çəkdi

Bakı. 29 aprel. REPORT.AZ/ "Təki “Neftçi” hər zaman finala çıxsın, biz “Qarabağ”la Ağdamda da oynamağa hazırıq". "Report"un məlumatına görə, bunu "Neftçi"nin rəsmi saytına açıqlamasında komandanın baş məşqçisi Arif Əsədov deyib.

Azərbaycan Kubokunun final oyununun Qəbələdə keçirilməsinə münasibət bildirən 45 yaşlı mütəxəssis rəhbərlik etdiyi komandanın hansı meydanda oynamasının fərq etmədiyini deyib. Onun fikrincə, təkcə stadionun tutumunun az olmasında və paytaxt azarkeşlərinin Qəbələyə yollanmasında müəyyən çətinliklər ola bilər: "Neftçi" və “Qarabağ” komandaları arasında keçirilmiş son oyuna azarkeş marağını hər kəs gördü. Finalda isə azarkeş bundan da çox olacaq. Final matçının Qəbələdə keçirilməsi qərarına hörmətlə yanaşırıq".

A.Əsədov çalışdığı klubun təşəbbüsü əsasında millinin baş məşqçisi Robert Prosineçki ilə bu gün baş tutmuş görüşə də toxunub. Son zamanlar “Neftçi”dən yığmaya futbolçuların çağırılmamasının mətbuat və ictimaiyyətdə geniş müzakirə mövzusuna çevrildiyini vurğulayan yerli mütəxəssis R.Prosineçkinin futbolçularla bağlı fikirlərinin baş məşqçi olaraq onun üçün çox önəmli olduğunu söyləyib. O bildirib ki, görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb və söhbət əsnasında həmkarı “Neftçi”ni hər zaman yaxından izlədiyini və burada milli komandaya namizəd futbolçuların olduğunu deyib: "Yəni burada heç bir qərəzdən söhbət gedə bilməz. Biz də öz növbəmizdə əlimizdən gələni edəcəyik ki, futbolçularımız öz üzərlərində daha çox çalışaraq ən yaxşı formalarını bərpa etsinlər. Millinin qapısı bütün futbolçulara açıqdır və bu şərəfli formanı geyinmək hər kəsin özündən asılıdır. Futbolçu öz klubunun əsas heyətində stabil oyun göstərirsə, o zaman milli komandaya çağırılma şansı da artır. Hətta xorvatiyalı məşqçi futbolçularımızdan bir neçəsinin adını da çəkdi".

A.Əsədov deyib ki, burada əsas məsuliyyət və yük futbolçuların öz üzərinə düşür, amma məşqçilər korpusu olaraq onlardan öz köməklərini əsirgəməyəcəklər.

Qeyd edək ki, Azərbaycan Kubokunun final matçı iyunun 3-də keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi