Argentina komandalarının oyununda növbəti kütləvi dava baş verib - VİDEO

Argentina komandalarının oyununda növbəti kütləvi dava baş verib - VİDEO Davanın bəzi iştirakçıları rəqiblərinə təpik zərbələri də endiriblər
Futbol
1 Fevral , 2016 17:13
Argentina komandalarının oyununda növbəti kütləvi dava baş verib - VİDEO

Bakı. 1 fevral. REPORT.AZ/ Argentinanın "Estudiantes" və "Ximnasiya" futbol komandaları arasında keçirilmiş yoldaşlıq görüşü sonadək oynanılmayıb. "Report"un məlumatına görə, buna futbolçuların kütləvi toqquşması səbəb olub. 

Hadisə La-Plata şəhərində "Estudiantes"ə məxsus stadionda təşkil edilmiş qarşılaşmanın uzatma dəqiqələrində hesab 1:0 meydan sahiblərinin xeyrinə olduğu vaxt baş verib. Bu zaman ev komandasının oyunçularından biri "Ximnasiya"nın futbolçusuna qarşı sərt kobudluq edib. Baş hakim ona qırmızı vərəqə göstərib. Lakin bu da münaqişənin qarşısını almayıb. 

Hər iki komandanın əsas və əvəzedici heyət oyunçuları, eləcə də məşqçilər əlbəyaxa döyüşə çıxıblar. Davanın bəzi iştirakçıları rəqiblərinə təpik zərbələri də endiriblər. Hüquq-mühafizə orqanları əməkdaşlarının araya girməsindən sonra toqquşmanın qarşısını almaq mümkün olub. Bundan sonra hakimlər briqadası matçı başa vurmağı qərara alıb. Zərərçəkənlər barədə məlumat yoxdur. 

Qeyd edək ki, 2016-cı il Argentina çempionatı fevralın 8-də start götürəcək. "Estudiantes" və "Ximnasiya" Argentinanın yüksək eşalonu sayılan Primerada çıxış edirlər. Daha öncə "Boka Huniors"la "River Pleyt" arasındakı yoldaşlıq görüşündə də kütləvi dava düşüb. 

Son xəbərlər

Orphus sistemi