Araz Abdullayev Rumıniya klubuna baş tutmayan transferindən danışıb

Araz Abdullayev Rumıniya klubuna baş tutmayan transferindən danışıb Avropada "transfer pəncərəsi" bağlandığına görə "Astra"ya keçə bilmədim
Futbol
1 Sentyabr , 2016 23:45
Araz Abdullayev Rumıniya klubuna baş tutmayan transferindən danışıb

Bakı. 01 sentyabr. REPORT.AZ/ "Neftçi"nin kapitanı Araz Abdullayevin Rumıniyanın "Astra" klubuna keçidi baş tutmayıb.

"Report"un məlumatına görə, bu barədə 24 yaşlı futbolçu jurnalistlərə açıqlamasında bildirib.

O, Avropa Liqasının qrup mərhələsində iştirak edən kluba transferinin alınmamasını belə izah edib:

"Xaricdən təkliflərim vardı. Ancaq Avropada "transfer pəncərəsi" bağlandığına görə "Astra"ya keçə bilmədim. Ən azı qışadək "Neftçi"nin futbolçusuyam".

Abdullayev San-Marino yığması ilə oyun öncəsi bir araya gələn millidə hazırlıqların yaxşı getdiyini, komandanın səylə çalışdığını bildirib:

"Hər bir futbolçu məşqdə canla-başla çalışır. Mən də çalışıram ki, baş məşqçi start heyətində mənə şans versin. Bunun üçün özümü daha yaxşı göstərməliyəm. Baş məşqçinin etimad göstərəcəyi təqdirdə meydanda canımızı qoymağa hazırıq".

Arazın fikrincə, "Neftçi"də son vaxtlar ruh düşkünlüyünün olması milli komandaya mənfi təsir göstərə bilməz:

"Milliyə görə bütün gücümüzü qoymalıyıq. Rəqiblə oyuna zəif köklənsək, əlbəttə, çətinlik çəkəcəyik. Ancaq yaxşı köklənsək, inanıram ki, qələbə qazanacağıq. Biz çalışacağıq ki, San-Marinodan qələbə ilə qayıdaq. Çalışacağıq ki, azarkeşlərimizi qələbə ilə sevindirək".

A.Abdullayev yığmaya yeni dəvət olunan Ramil Şeydayevlə Emin Mahmudovun yaxşı futbolçular olduqlarını söyləyib:

"Milliyə dəvət alıblarsa, deməli, kömək edilməyə layiqdirlər. İndi hamımız bütün diqqətimizi San-Marino ilə oyuna yönəltmişik".

Son xəbərlər

Orphus sistemi