Yuxarı

Konte: "Xoşuma gəlməyən yeganə şey qapımızda qol görməyimizdir"

İtaliya millisinin baş məşqçisi Antonio Konte jurnalistlərin suallarını cavablandırıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ "Futbolçular, federasiya prezidenti mənim yanımdadır. Rəsmiyyətdən əlavə onlarla şəxsi münasibət saxlayıram. Öz işimi çox sevirəm və bu səbəbdən tək qalmaqdan qorxmuram". "Report"un məlumatına görə, bunu İtaliya millisinin baş məşqçisi Antonio Konte deyib.

AVRO-2016-nın seçmə qrup mərhələsində Azərbaycanla keçirilən oyundan sonra təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- Təsəvvür edin artıq yaydır və siz Fransaya getməlisiniz. Nə edərdiniz?
- Biz Fransaya getməyə çox şadıq. Əlbəttə ki, futbolçular hər şeyi başa düşməli və işləməlidir. İnsanda həmişə ambisiya olmalıdır və inanıram ki, Fransada da hər şey yaxşı olacaq.
- Sizin məqsədiniz nədir?
- Həmişə insanda məqsəd olmalıdır. Və bu məqsədlə irəli gedilməlidir. Bu zaman geridə qalan ümidlər boşa çıxmamalıdır. Ümid edək ki, hər şey yaxşı olacaq.
- Qələbə münasibətilə təbrik edirəm. Oyunda nəyi bəyəndiniz və nə xoşunuza gəlmədi?
- Bu asan oyun deyildi. Öz oyunumuzla bu oyunu özümüz üçün asan etdik. Əla hücumlarımız oldu. Xoşuma gəlməyən yeganə şey qapımızda qol görməyimizdir. Ancaq şadam ki, sonradan 2 qol vurduq və qələbə qazandır.
- Sevdiyiniz taktikalardan biri 4-2-4-dür. Hətta bunu "Yuventus"da da sınamaq istəmisiniz...
- Bu taktika hücum üçündür və buna görə güclü oyunçular lazımdır. Mənim sevdiyim taktikadır, amma hər komandada bu alınmır. İtaliya millisi ilə bu taktika gözəl işləyir. Çünki futbolçular bunu həmin anda dərk edirlər. Ancaq bu taktikanı hər komandada nümayiş etdirmək olmur. Futboldan kənarda məşqçilik etməyə çətinlik çəkirəm. Bəlkə bu mənim eyblərimdən biridir ki, ancaq meydanda yaxşıyam. İşimi sevən biriyəm.
- Fransada ilk 4-lükdə olmaq şansımız var?
- Hər cür oyun ola bilər. Ola bilər ki, bir dəfə yaxşı, bir dəfə pis oynayasan. Burada psixoloji, fiziki amillər öz rolunu oynayır. Təbii ki, burada futbolçulardan və rəqibdən də çox şey asılıdır. Futbol 2 nəfərlə oynanılsaydı, hər şey əla olardı. Amma belə deyil. Növbəti oyunumuz Norveçlədir. Əsas söz meydançada deyilir. Bu səbəbdən deyə bilmərəm ki, neçənci olacağıq. Hər şey yaxşı olacaq.
- Azərbaycana vurduğunuz 3-cü qoldan sonra lap çılğıncasına sevindiniz. Səbəb nə idi ki, 3 qoldan sonra belə sevindiniz?
- Düşünürəm ki, rəqibin kimliyindən asılı olmayaraq qələbə həmişə sevindiricidir. Hesabın artıq olması sevindiricidir.
- Qeyd etdiniz ki, bu ilk addım idi. Bu ilk addım kimləri şəxsən sevindirə bilər? İtalyanlar nəyə əsasən milli komandayla qürur duymalıdır?
- Düşünürəm ki, bu qələbələr tək məni yox, həm federasiya, futbolçular və bizlə işləyən hər kəsi sevindirə bilər. Məqsədimiz böyük olsa, belə komandada italyanların qürur duyması üçün tək qələbə lazım deyil. Əsas meydana çıxmaq və güclü dəstək almaqdır. Oyuna baxmaq belə italyanların fəxr etməsinə səbəbdir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi