​Anar Salmanov: "Xaqani Məmmədov Ramil Diniyevin tərəfini saxlamaqla, həm özünü biabır, həm də o hakimi məhv edir"

​Anar Salmanov: "Xaqani Məmmədov Ramil Diniyevin tərəfini saxlamaqla, həm özünü biabır, həm də o hakimi məhv edir" "UEFA-da heç kim bu adamı tanımır"
Futbol
24 May , 2016 14:27
​Anar Salmanov: Xaqani Məmmədov Ramil Diniyevin tərəfini saxlamaqla, həm özünü biabır, həm də o hakimi məhv edir

Bakı. 24 may. REPORT.AZ/ "İnsan bir gündə iki dəfə fikrini dəyişirsə, onun ciddi problemi var. Bu adam Azərbaycan xalqını, futbol ictimaiyyətini dolayıb". Bunu "Report"a açıqlamasında sabiq FİFA referisi Anar Salmanov Azərbaycan Premyer Liqasının XXXVI turunda keçirilmiş "Rəvan" - "Xəzər Lənkəran" matçının 80-ci dəqiqəsində oyunun baş hakimi Ramil Diniyevin penalti qərarını əvvəl düzgün, sonra yanlış adlandıran AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov haqda danışarkən deyib.

X.Məmmədovun bir neçə gün öncə "Report"a açıqlamasında həmin qərarı düzgün, dünən isə televiziyaların birində yayımlanan idman verilişində yanlış adlandırmasına A.Salmanov bu cür münasibət bildirib: "Çıxıb televiziyada səhvlərdən danışırsa, səhvləri müdafiə edirsə, hesab edirəm ki, insan ilk növbədə öz vicdanını qarşısına qoymalıdır. Hakim səhv edə bilər və bu, təbiidir. Mən də, digər yoldaşlar da səhv edib. Elə səhvlər olur ki, onlara bəraət qazandırmaq olur. Ancaq bəzi səhvlərdə hakimin tərəfini saxlamaq olmur. Bu adam o hakimin tərəfini saxlamaqla, həm özünü biabır, həm də o hakimi məhv edir. Biz hakim səhvlərindən danışırıq. Televiziyada deyir ki, mən balaca telefonda baxdım və penalti görürəm. Sonra böyük ekranda baxdım və gördüm ki, penalti yoxdur. Belə "Hakimlər Komitəsi"nin sədri Azərbaycan futboluna yaraşmır. Ondan böyük, ağıllı, reytinqli insanlar var ki, həmin adamlar sədr olmalıdır".

Keçmiş FİFA referisinin fikrincə, X.Məmmədov komitə sədri olduğu 8 il ərzində Azərbaycan futbolunda hakimliyinin dərəcəsini sıfırdan da aşağı səviyyəyə endirib: "Çünki o, Azərbaycan futbolunun, hakimliyin bir nömrəli düşmənidir. Vaxtilə İmamxan Sultani, Babək Quliyev, Anar Salmanov kimi hakimlər olub. İndi bəlkə də Babək Quliyev Cüneyt Çakırla birgə qaçırdı. Sergey Karasyov AVRO-2016-da oyun idarə edəcək. Karasyov Anar Salmanovla 2010-cu ildə FİFA referisi adına bir yerdə layiq görülüb. Bilmirəm insanda nə cür mənfi xüsusiyyət olmalıdır ki, hakimliklə bu cür düşmənçilik aparsın. Bu da nədən irəli gəlir? Çünki Xaqani Məmmədovun özü 12 il ərzində 4-cü qrupda hakim olub. Bu qrupdan o tərəfə keçməyib. Təbii ki, UEFA-da oturanlar da şüurlu, ağıllı insanlardır. Onlar da bilirlər və ilk növbədə, insani keyfiyyətləri olanlara üstünlük verirlər. 12 il ərzində 4-cü qrupu keçə bilmirsə, demək, bu adam paxıldır. O istəmir ki, Anar Salmanov, Babək Quliyev və kimlərsə qabağa getsin. Onları dartıb yıxır. Babək Quliyev də, mən də, İmamxan Sultani də eyni mərhələdə idik. Üçümüzü də bu adam yıxdı. Hamısı onun təşəbbüsü ilə oldu. Mən demirəm ki, Azərbaycanda hakim yoxdur. Perspektivli hakimlər var. Sadəcə, bu gün Xaqani Məmmədov elə gənc və perspektivli hakimlərə qabağa getməyə imkan vermir. Özündə fikirləşir ki, bu hakimlər qabağa getsə, mənim üçün pisdir. O, Azərbaycan futbolunu, Azərbaycan adını, Azərbaycan hakimliyini fikirləşmir. Ancaq özünü fikirləşir. Kim olduğunu hamımız gördük. 2001-ci ildə bu adam nə işlərdən çıxıb? Ona görə Azərbaycan çempionatı dayanıb. "Şəfa" - "Xəzər Lənkəran" oyununda... Həmin il İntertoto kubokunda 4-cü hakim olaraq, "heç-heçəyə 15 dənə verir" deməklə nə oyundan çıxıb. Bu adam hakimlərə nə öyrədə bilər? Hansı hakimliyi, ədaləti öyrədə bilər? Bu adamda ədalət deyilən şey yoxdur".

A.Salmanov məhz Xaqani Məmmədovun komitəyə rəhbərlik etməsindən sonra Əliyar Ağayevin uğur qazandığına dair fikirləri də şərh edib. O, gənc referinin bu uğurunun komitə sədrinə aidiyyatının olmadığını söyləyib: "Əliyar Ağayevin uğuru, Avropada oyun idarə etməsi Xaqani Məmmədova yazıla bilməz. Çünki Məmmədov Əliyarın yerinə hakimlik etmir. Əliyar gənc, perspektivli hakimdir. Təbii ki, səhv hamıda olur və Pyerluici Kollina da yaxşı bilir ki, hər kəsin səhvi olur. Əliyarın Avropaya çıxmasının birinci səbəbkarı özüdür. Çünki yaxşı idarəçilik edir və qiymət alır. İkinci amil isə tanınmış hakim Rüstəm Rəhimovdur. Niyə? Azərbaycan futbol hakimliyinin kuratoru Nikolay Levnikovdur və o da Rəhimovla çox sıx münasibətdədir. Söhbət Xaqani Məmmədovdan yox, Rüstəm Rəhimovdan gedir. Bilavasitə Levnikovu AFFA-ya gətirib hakimlərlə görüşdürmək, Əliyar təşəbbüsünün irəli sürülməsi Rüstəm Rəhimovun roludur. Burada Xaqani Məmmədovun heç bir rolu yoxdur. Ən başlıcası da AFFA-nın baş katibi Elxan Məmmədovun UEFA ilə sıx əlaqədə olmasıdır. Bu dəqiqə AFFA-da UEFA ilə ən sıx əlaqədə olan Elxan Məmmədovdur. Onun böyük rolu var. Burada sırf hakimlikdən söhbət getmir. Ünsiyyət qurmaq lazımdır. UEFA-da heç kim bu adamı tanımır". 

Keşmiş hakim hazırkı komitə sədrinin tutduğu vəzifədən istefa verməli olduğunu da qeyd edib: "Hər kəs bu adam haqqında yazır, haqlı olaraq da tənqid edir. Tənqiddən də savayı, bunda üz qalmayıb. Olsaydı, bir-iki il bundan əvvəl gedərdi. Mən onun yerində olsam, "Heç-heçəyə 15 dənə verirlər" söhbətindən sonra utanıb yerə girər, sakitcə ərizəmi yazıb gedərdim. Bu adam Azərbaycan futbol ictimaiyyəti sıralarından silinməlidir, bu adam Azərbaycan hakimliyinin düşmənidir. Uşaqlara qabağa getməyə imkan vermir. Özü heç nəyə nail olmayıb, sadəcə, kiminsə kölgəsində yatır, elə bilir öz kölgəsində yatır".

Qeyd edək ki, Premyer Liqanın 2015/2016 mövsümünün sonuncu - XXXVI turunda keçirilmiş "Rəvan" - "Xəzər Lənkəran" oyununun 80-ci dəqiqəsində baş hakim Ramil Diniyev qonaqların qapısına şübhəli penalti təyin edib. Həmin penaltini dəqiq yerinə yetirən meydan sahibləri 2:2 hesablı heç-heçəyə nail olub. Nəticədə Lənkəran klubu sonuncu yeri tutaraq, reqlamentə əsasən, Premyer Liqanı tərk edib. 

Son xəbərlər

Orphus sistemi