Topaz Premyer Liqasına təyinat almayan Anar Salmanov FİFA referiliyindən də kənarlaşdırılıb

Topaz Premyer Liqasına təyinat almayan Anar Salmanov FİFA referiliyindən də kənarlaşdırılıb Azərbaycan Premyer Liqasının oyunlarına təyinat almayan baş hakimi Orxan Məmmədov əvəzləyib
Futbol
13 Dekabr , 2014 10:54
Topaz Premyer Liqasına təyinat almayan Anar Salmanov FİFA referiliyindən də kənarlaşdırılıb

Bakı. 13 dekabr. REPORT.AZ/ UEFA Hakimlər Komitəsi 2014-2015-ci il mövsümünün ikinci yarısı üçün beynəlxalq dərəcəli hakimlərin siyahısını açıqlayıb. "Report"un məlumatına görə, Azərbaycanı yenə 3 baş hakim təmsil edəcək. 

Ən böyük dəyişiklik Anar Salmanovun siyahıdan çıxarılması və yerinə Orxan Məmmədovun daxil edilməsi ilə bağlıdır. A.Salmanov artıq ikinci mövsümdür ki, Topaz Premyer Liqasının qarşılaşmalarına təyinat almır. O, UEFA-nın istedadlar qrupu sayılan 2-ci qrup hakimlər siyahısına daxil idi. O.Məmmədov isə əvvəllər beynəlxalq dərəcəli yan xətt hakimi olub. O, ilk dəfə FİFA referisi statusuna yiyələnərək, 3-cü qrupa daxil edilib. Azərbaycanın digər beynəlxalq dərəcəli referilərinə gəldikdə, Əliyar Ağayev 2-ci, Rəhim Həsənov 3-cü qrupda saxlanılıb. 

Qeyd edək ki, Avropa Liqasının VI tur matçında Azərbaycanın "Qarabağ"  klubunun İtaliyanın "İnter" komandasının qapısından keçirdiyi qolu saymayan çexiyalı referi Miroslav Zelinka 1-ci qrupda saxlanılıb. Elit qrupa isə 2 yeni referi - almaniyalı Deniz Aytekin və ispaniyalı Antonio Laos daxil edilib. 

Son xəbərlər

Orphus sistemi