​Anar Nəzirov: "Qəbələ" və "Qarabağ"ın qrupda çıxış etməsi daha real görünür" - MÜSAHİBƏ

​Anar Nəzirov: "Qəbələ" və "Qarabağ"ın qrupda çıxış etməsi daha real görünür" - MÜSAHİBƏ "Robert Prosineçki komandadakı qorxunu götürüb"
Futbol
28 İyun , 2016 18:07
​Anar Nəzirov: Qəbələ və Qarabağın qrupda çıxış etməsi daha real görünür - MÜSAHİBƏ

Bakı. 28 iyun. REPORT.AZ/ Azərbaycan milli komandasının və "Zirə" klubunun qapıçısı Anar Nəzirovun "Report"a müsahibəsi

- İstirahətdən sonra düşərgədəki ab-hava necədir?

- Bizim komandanın əsas özəlliklərindən biri mehriban kollektivin, birlik və bərabərliyin olmasıdır. Özümüz aramızda söhbət etmişik və ötənilki uğurlarımızı yeni mövsümdə də davam etdirməyə çalışacağıq. Kollektiv yaxşı olduqda uğursuzluqdan çıxmaq, oyunlara köklənmək daha asandır.

- Zaur Həşimov komandaya köməkçi-məşqçi təyin olunub. Bu təyinat "Zirə"yə yeni nə qazandıracaq?

- Təyinat və yerdəyişmələr rəhbərliyin və məşqçilər korpusunun işidir. Ayxan Abbasovun gördüyü işlər də göz qabağındadır. Ona və Zaur müəllimə işlərində uğurlar arzu edirik. İnanıram ki, komandaya müsbət mənada təsiri olacaq.

- Yeni mövsümdə Premyer Liqada 8 komanda mübarizə aparacaq. Komandalar güclənmə işləri aparır, transferlər edir. Sizcə, rəqabət güclənəcək, yoxsa komandaların sayının azlığı çempionatın səviyyəsinə təsirini göstərəcək?

- Artıq 8 komandanın iştirak etməsi haqda qərar verilib və bizim əlimizdən gələn heç nə yoxdur. İstəyimiz daha çox komandanın mübarizə aparmasıdır. Komandamızın hədəflərindən biri yüksək pillələr uğrunda mübarizə aparmaqdır. Ancaq rəqabət güclü olacaq. Əvvəl bilirdin ki, bir neçə komanda ilə oyunda xal alacaqsan, ancaq indiki komandaların hamısı güclüdür.

- Elvin Məmmədov kapitan kimi "Zirə"yə necə kömək edəcək?

- Bu, öz aramızda olan qərar idi. Məmmədov komanda yoldaşlarına lazım olan göstərişi verə bilər və bu baxımdan təcrübəlidir. "Bakı"da da kapitan kimi çıxış edib. Vitse-kapitan isə Aleksandr Şemonayevdir.

- Sizin də heyətində yer aldığınız milli komanda Avstriya toplanışında 3 yoxlama oyunu keçirdi (Andorra 0:0, Makedoniya 1:3, Kanada 1:1 - red.) və ürək açan nəticələr olmadı. Milli bununla nə qazandı?

- Fikrimcə, hər bir toplanışın xeyri var. Komandanın bir yerdə olması yaxşıdır. Düzdür, qələbə qazana bilmədik, amma bütün oyunlar bizim üstünlüyümüzlə keçirdi. Bəxt amili oyunlarda öz sözünü dedi. Ancaq Andorra ilə oyunu udmalı idik. Deyərdim ki, "təkqapı" oynadıq. Kanada və Makedoniyaya qarşı mübarizəli oyun oldu. Deyə bilərlər ki, udmadıq. Amma bugünkü oyunumuz nəyəsə ümid verir. Bu gün çəkinmədən mübarizə aparırıq.

- Sizcə, mübarizə aparıb qələbəsiz qalmaqdansa, əsas məsələ nəticə qazanmaq deyil?

- Düzdür, razıyam. Bu, milli komandadır və hər kəs nəticə tələb edir. Amma bu cür gedişin arxasında uğurlar olacaq.

- Qarşıdan dünya çempionatının seçmə mərhələsinin oyunları gəlir. San-Marino, Çexiya, Norveç, Şimali İrlandiya və Almaniya ilə oyunlarda nəticə qazanmaq çətin olmayacaq? 

- Real danışsaq, San-Marinodan başqa digər komandaların hamısı bizdən üstündür. Onlara qarşı ancaq mübarizəli, istəkli oynasaq, xal ala bilərik. Bu səbəbdən, 90 dəqiqə vuruşmalı, canımızı qoymalıyıq. Bizdə də belə xarakterli uşaqlar çoxdur və inanıram ki, ən azı evdəki oyunlarda yaxşı mübarizə aparıb xal qazana, Çexiyadan xal gətirə biləcəyik. İndi daha baxımlı futbol oynayırıq. Robert Prosineçki komandadakı qorxunu götürüb. Bilirsən ki, sənə inanan baş məşqçi var. Bu da yaxşı amildir.

- "Qarabağ", "Qəbələ", "Neftçi" və "Kəpəz" avrokuboklarda çıxış edir. Bir oyunçu kimi komandalarımızın şanslarını necə dəyərləndirirsən?

- Dişimizə uyğun rəqiblər düşüb. Deyərdim ki, keçilməyəsi komandalar deyil. "Kəpəz" 16 ildən sonra yenidən avrokuboklara vəsiqə qazanıb. "Daçiya" nə çox güclü, nə də zəifdir. Komandalarımız da güclənir. Yenə "Qəbələ" və "Qarabağ"ın qrup mərhələsində çıxış etməsi daha real görünür.

Son xəbərlər

Orphus sistemi