Almaniya komandasının heyətində azərbaycanlı azarkeş çıxış edəcək

Almaniya komandasının heyətində azərbaycanlı azarkeş çıxış edəcək "Bayıl Arena"da baş tutacaq görüş saat 15:00-da başlayacaq
Futbol
16 Mart , 2017 15:56
Almaniya komandasının heyətində azərbaycanlı azarkeş çıxış edəcək

Bakı. 16 mart. REPORT.AZ/ Martın 26-da Bakıda yerli futbol fanatları ilə keçirəcəyi görüşdə Almaniya yığmasının azarkeşlərindən ibarət komandanın heyətində azərbaycanlı da yer alacaq. "Report"un məlumatına görə, bu, Bundestimin Azərbaycan fan-klubunun rəhbəri Tərlan Məmmədovdur. 

"Bayıl Arena"da baş tutacaq görüş saat 15:00-da başlayacaq. Hər iki komandanın heyətində ümumilikdə 14 azarkeş forma geyinəcək. T.Məmmədov "Report"a açıqlamasında qərarını belə əsaslandırıb: "Bu cür yoldaşlıq oyunları almaniyalı azarkeşlər üçün ənənə halını alıb. Almaniya milli komandası hansı ölkənin yığması ilə üz-üzə gəlirlərsə, fanatlar da yoldaşlıq matçı təşkil edirlər. Martın 26-da Bundestim 2018-ci il dünya çempionatının seçmə qrup oyunu çərçivəsində millimizlə qarşılaşdığı üçün həmin gün anoloji görüş baş tutacaq. Biz qrup şəklində Almaniya yığmasının əsas fan-klubunun üzvü olduğumuz üçün bu matçda qonaqların heyətində yer almağımla bağlı müraciət etdim və onlar da müsbət qarşıladılar. Almanların heyətində 14 nəfərdən biri mən olacağam. Azərbaycanlı fanatların komandasını isə AFFA-nın müvafiq departamenti formalaşdıracaq".

Qeyd edək ki, Almaniya millisi martın 26-da 2018-ci il dünya çempionatının seçmə qrup oyunu çərçivəsində Azərbaycan yığmasının qonağı olacaq. Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 20:00-da başlayacaq. Bu görüşü izləmək üçün Almaniyadan Azərbaycana 800-dək azarkeşin gələcəyi bildirilir.

Son xəbərlər

Orphus sistemi