Bakı. 24 aprel. REPORT.AZ/ Almaniya Futbol İttifaqı (DFB) 2024-cü il Avropa çempionatına namizədliyini rəsmən irəli sürüb.
"Report"un məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında DFB prezidenti Raynhard Qrindel bütün lazımi sənədləri baş katib Teodor Teodoridisə təqdim edib.
Almaniya AVRO-2024-ü təşkil etmək istəyini hələ ötən ilin martında açıqlayıb. Bu dəfə isə DFB son tarix olan aprelin 27-nə 3 gün qalmış rəsmən ərizə verib.
Qeyd edək ki, Avropa çempionatına Türkiyə də namizəddir. Türkiyə Futbol Federasiyasının nümayəndə heyəti UEFA-ya müvafiq sənədləri bu həftə rəsmən təqdim edəcək.