​Ağasəlim Mircavadov: "Hər şey pulun üzərində qurulub"

​Ağasəlim Mircavadov: "Hər şey pulun üzərində qurulub" AFFA Məşqçilər Komitəsinin üzvü "Benfika" üzərində 9:0-lıq qələbəyə münasibət bildirib
Futbol
22 Fevral , 2015 10:54
​Ağasəlim Mircavadov: Hər şey pulun üzərində qurulub

Bakı. 22 fevral. REPORT.AZ/ Türkiyədə təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama matçına çıxıb.

İsveçrənin “Benfika” (Sürix) klubu ilə qarşılaşan komandamız görüşdə 9:0 hesabı ilə qalib gəlib.

Matçı izləyən AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov bu və ya digər məsələlər barədə "Report"un Antalyaya ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.

- Yoldaşlıq görüşündəki nəticə önəmli olmasa da, 16 yaşlı futbolçuların çıxışı sizi qane etdi?

- Uzağa getmək lazım deyil. Bu gün oyun günü onlar saat 11-də məşq ediblər. Bu sistem həmişə gedir. Məşqə dünən də, bu gün də baxdım və xoşum gəldi. Cinahı boşaltmaq, ortada təktoxunuşla oynamaq yaxşı hərəkətdir. Bunları 16 yaşlı uşaqlara həmişə demək lazımdır. Məşqçilər də bu mövzuda işləyirlər. Axşam toplanacağıq. Mənə əsas oyun və oyunçunun biliyi maraqlandırır. Son illərdə texnika və taktikadan geri qalmışıq. Deyirlər ki, Qafqaz futbolu, ondan əsər əlamət qalmayıb. Onu geri qaytarmaq lazımdır. Ağıl oldu çox işləri həll etmək olar. Bu uşaqları fərdi planla klub məşqçilərinə vermək və davamını gətirmək lazımdır. Uşaq var, amma üzərində çox işləməlidir. Biri var həvəs, biri də var öz üzərində işləyib peşəkar olmaq. Onlara lazımdır ki, 2-3 ildən sonra xaricə getsinlər. Bu məqsəd onlarda indidən olmalıdır. Bununla da biz nəsə əldə edə bilərik.

- Çempionatın özündə necə? Yəni belə futbolçuların hansısa komandada daimi oynaması üçün nə etmək olar? Çünki 16 yaşlı futbolçunun əsas komandaya buraxılması bir az çətin məsələdir..

- Bilirsiniz, burada bütün klublardan 2,3,4,5 oyunçu var. Mən onların səviyyəsini görmüşəm. Bunlar hər klubda liderdilər. Ancaq bu uşaqlar həftədə 2, hətta 3 oyun oynayırlar. 16-da,17-də və 19-larla da oynayırlar. Bu düzgün deyil. Uşaq bir komandada oynamalıdır. Ümumiyyətlə bu uşaqlar üçün illik oyun 40-45 olmalıdır. Bizdə yüksək liqadan tutmuş aşağıya qədər komandaların oyunu 35-40-a çıxır. Yüksək liqa minimim 50-52, 55 olmalıdır. Oyunların sayın da bilirik ki, hansı oyunda faiz baxımından güc olmur. Onu da nəzərə almaq lazımdır. Bu uşaqların inkişafı üçün gərgin oyunlar lazımdır. Fiziki vəziyyəti artırmaq üçün testlər var. Bir ay bundan əvvəl uşaqlar test verdi. Bundan sonra o testlər fərdi planda yazılıb klublara verildi. Təlim-məşq prosesindən sonra bu test olacaq ki, 1 ay ərzində nə qazanıb. Onlar hər ay turnirlərə gedəcək. Çünki inkişaf etmək üçün hər ay turnirlərdə iştirak edib, yaxşı çıxış etməlisən. Bu yığma səviyyəsində olduğu üçün maraqlıdır. Məsələn, U-17-nin Gürcüstanla Bakıda 2 oyunu onlara çox şey verdi. Məğlub oldular, amma bilməlidilər ki, harda zəif cəhətləri var və üzərlərində işləməlidirlər.

- "Real Madrid" 16 yaşlı futbolçu aldı. O hansısa komandanın əsas heyətində oynayırdı..

- Onun oynayıb-oynamadığını bilmirəm. Bilirəm ki, yığmanın baş məşqçisi onu milliyə dəvət etdi və 15 dəqiqə meydana buraxdı. Bilirsiniz ki, "Real Madrid" kimi top klubların bölgələrdə öz məşqçiləri var. Onu uşaq vaxtından əldə edirlər. Hər şey pulun üzərində qurulub, onlar belə hesab edirlər. Əsas komandada məşqlər edir, amma ikinci komandada oynayır.

- Demək istədiyim odur ki, belə futbolçuların 1-2-sini əsas komandalara cəlb etməyin vaxtı deyil? Və yaxud da milliyə dəvət etmək...

- Bilirsiniz, onlaırn 16 yaşı var və bəziləri əvəzedici heyətdə oynayırlar. Təbriz müəllim deyə bilməz ki, bu uşağı əsas heyətə götür. Klubun işinə heç kim qarışa bilməz.

- Klublar özləri bu cür addım atmağa hazırdırlar?

- Bu haqda baş məşqçilərlə söhbət olub. Məşqçilər Komitəsi olaraq xahiş etmişik ki, cavan uşaqları çalışın oynadın. Elə oyunlar var ki, orada uşaqları oynatmaq olar. Çünki yüksək liqanın ab-havasını qəbul eləsin, sxemini bilsin. Bir də məşqçilər cavanlarla çox işləməlidir. Nə var ki, cavanlar hazırdır da, al, burax oynasın. Yerli məşqçilər həmişə cavanlarla işləyirlər, bilirlər ki, lazımdır. Əsas iş klublarda görülür. Klublarla yığma məşqçiləri sıx əlaqədə olmalıdır.

- Bu futbolçulardan Premyer Liqada oynamağa hazır futbolçular var?

- Xeyr, hazır olanı yoxdur. Ola bilər ki, 5-10 dəqiqə oynaya bilər. Amma birdən əsas heyətə buraxmaq bir az ağır olar. Ola bilər ki, "Bakı" buraxsın. O da yalnız şəraitə görədir. Ancaq başqa klublar yer uğrunda mübarizə aparırlar. Ağıllı məşqçinin qəhrəmanlığı ondadır ki, yerli uşaqları vaxtında tapsın və onu üzə çıxarsın. 5-10 dəqiqə uşağı meydana buraxmaqla daha tez hazır olar, nəinki 2 il gözləməklə. Biz Sxadadze ilə söhbət edəndə dedi ki, Coşqun Diniyevi 1 ildən sonra əsas heyətdə oyuna buraxacaqdım. Amma yoldaşlıq görüşündə onu meydana saldım və əla oynadı. Bundan sonra düşündüm ki, onu da oynadım. Belə etmək lazımdır, bundan sonra uşaq açıldı. Deyirlər Coşqun, Anton üçün tezdir. Ancaq tez deyil, ola bilər ki, açılsın. Baş məşqçi onu görüb, bəyənib. Bu onun fikridir. Qabiliyyətinə gəldikdə, bəlkə bəzi oyunçulardan tez götürər, milli cəhətdən. Yığma oyunçu hazırlamır, nəticəyə oynayır. Hazırda biz nə uda bilərik. O cavan uşaqlar ki, oynayacaqlar, necə ki, "Real Madrid"ə getdi, bizdə də elə ola bilər. Bu klub üçün də, oyunçu üçün də udmaqdır. Gedib Avropanı görür. Birdə ki, bizim uşaqlara vərdiş yox, beyinlərini işlətmək lazımdır ki, tez hazırlan get xaricə, pula baxma. Maliyyə özü gələcək. Bu bizdə sistem kimi olmalıdır.

- Əsas komandalar ehtiyat edirlər. MK olaraq onları I Divizionda oynatmaq olarmı?

- I Diviziona biz layihə vermişik. Birdə ki, I Divizonu Premyer Liqa ilə birləşdirək. Onlarda da gərginlik olsun və bilsinlər ki, nəyin üzərində işləyirlər. Birdə 21 yaşlı uşaqlar deyəsən 7-8 nəfərdi. Bu da cəfəngiyyatdır axı. Layihə vermişik, bu işə rəhbərlik baxır. Birinci liqanın baş məşqçiləri ilə görüşdük. İki il ərzində bir oyunçu Premyer Liqaya gedib? Yox, onda nəyə işləyirlər? Bu məqsədi düzəltmək üçün onlar üçün proqram lazımdır. Biz layihəni vermişik, sadəcə tövsiyyə xarakterlidir. İstəyirik ki, cavan uşaqlar, biri var əvəzedici, biri də var I divizionda oynayasan.

Son xəbərlər

Orphus sistemi