"Səbail"in baş məşqçisi: "Layiqli qələbə qazandıq"

"Səbail"in baş məşqçisi: "Layiqli qələbə qazandıq" Bakı. 2 fevral. REPORT.AZ/ İlk növbədə Adil Nadirovun dünyasını dəyişməsi hamımızı kədərləndirir. Belə insanların aramızda olmaması böyük itkidir.
Futbol
2 Fevral , 2019 21:29
Səbailin baş məşqçisi: Layiqli qələbə qazandıq

Bakı. 2 fevral. REPORT.AZ/ "İlk növbədə Adil Nadirovun dünyasını dəyişməsi hamımızı kədərləndirir. Belə insanların aramızda olmaması böyük itkidir".

"Report" xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Keşlə"yə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra mətbuat konfransında deyib.

Daha sonra gənc mütəxəssis oyunu dəyərləndirib və jurnalistlərin suallarını cavablandırıb:

- Oyuna istəkli başladıq. Toplanışda çalışdığımız epizodları meydanda görmək istəyirdik. Futbolçular da əllərindən gələni etdilər. Çempionata belə başlamaq yaxşıdır. Amma daha çətin oyunlarımız qarşıdadır. Hər cür rəqibə qarşı belə istəkli oynasaq, uğurlu çıxışı davam etdirərik.

- Oyun və nəticə baxımından bu qədər üstünlük sizin üçün gözlənilən idi?

- Oyunun bu cür üstünlüyümüz şəraitində keçəcəyini gözləmirdik. "Keşlə" ölkə kubokunu qazanıb, yeni baş məşqçiləri var. Onları "Qarabağ"la oyunda görmüşdük. Bəzən komandada həyəcan olur. Onların təcrübəli futbolçuları və məşqçiləri var. İnanıram ki, qarşıdakı turlarda digər rəqiblərlə oyunlarda istədikləri kimi çıxış edəcəklər.

- Tərlan Əhmədov qeyd etdi ki, qələbəni hədiyyə etdik. Oyun planında komandadan razı qaldınız?

- Tərlan müəllimin fikrinə şərh vermək istəmirəm. Düşünürəm ki, layiqli qələbə qazandıq. Düzdür, səhvlərimiz də oldu. Güclü komandalar bunu bağışlamazlar. Futbol baxımından sürətli hücumlar gördük. Hansı ki, bunu da istəyirdik. Müdafiədən sürətli keçidlər tələb edirdik. Futbolda səhvlər olur. Rəqibdən də çox şey asılıdır.

- Yevgeni Koçukun ehtiyatda olması rəqibə sürpriz idi?

- Koçuk toplanışa ağrılarla başladı. Hazırlığın sonuna 4-5 gün qalmış komandaya qoşuldu. Bu gün də ağrıları var idi. Meydanın durumuna görə risk etmək istəmədim.

- Heyətdəki bəzi oyunçular sabit görünürdülər. Məsələn, Ruslan Qurbanov pik formada idi. Bunu sona qədər qorumaq mümkün olacaq?

- Bu gün meydanda emosiyalar çox idi. Bunun üzərində işləməliyik. Ruslan bizim təcrübəli oyunçumuzdur, milli üzvüdür. Ondan daha yaxşı oyun gözləyirik.

Son xəbərlər

Orphus sistemi