Yuxarı

Aftandil Hacıyev: "Rəqib daha keyfiyyətli oyunçulara, daha üstün büdcəyə malikdir"

Aftandil Hacıyev: "Rəqib daha keyfiyyətli oyunçulara, daha üstün büdcəyə malikdir"

"Bu gün möhtəşəm futbol gecəsi yaşadıq. Yenə bolqollu oyun izlədik. Hətta deyərdim ki, bu, daha maraqlı alındı. Rəqib daha keyfiyyətli oyunçulara, daha üstün büdcəyə sahibdir. Futbolçularıma layiqli oyun münasibətilə təşəkkür edirəm. Xırda səhvlərə yol verməsəydik, mərhələni keçən tərəf biz də ola bilərdik".

"Report"un Rumıniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Krayovada "Universitatya"ya 2:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis xüsusən möhtəşəm ikinci hissə keçirdiklərini və 3 illik tarixləri ərzində belə oyun sərgiləmədiklərini söyləyib:

"Ötən heyətimizin 60 faizi dəyişib. Yeni oyunçuları hazırlığın sonlarında cəlb etdik. Yoxlama oyunlarında qol vura bilməməyimiz də buna görə idi. Gec komplektləşmə nəticəyə təsirini göstərdi. Stabil büdcəmiz var, bunun daxilində seleksiya aparırıq. Komandamızın güclənməyə ehtiyacı var. Daha yaxşı büdcəyə malik olsaq, gələcəkdə bundan da yaxşı nəticələr göstərə bilərik. Bu, bizim üçün böyük təcrübədir. Gələcəkdə daha münasib rəqiblər bizə düşsə, bu təcrübənin bəhrəsini görə bilərik".

Hacıyev "Universitatya"nı stadion və azarkeşləri ilə birgə bəyəndiyini və gələn oyunlarında bu komandaya azarkeşlik edəcəyini vurğulayıb:

"Bu komanda daha böyüyünə layiqdir. İnanırıq ki, "Universitatya" qrup mərhələsinədək irəliləyəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi