"Səbail"in baş məşqçisi: "Axtarışlarımız heç bir nəticə vermir" - MÜSAHİBƏ

"Səbail"in baş məşqçisi: "Axtarışlarımız heç bir nəticə vermir" - MÜSAHİBƏ Bakı. 17 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Səbail klubunun baş məşqçisi Aftandil Hacıyevin Reporta müsahibəsi
Futbol
17 Yanvar , 2019 13:15
Səbailin baş məşqçisi: Axtarışlarımız heç bir nəticə vermir - MÜSAHİBƏ

Bakı. 17 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Səbail" klubunun baş məşqçisi Aftandil Hacıyevin "Report"a müsahibəsi 

- Antalyadakı ilk yoxlama oyununda Macarıstanın "Aqvital" komandasını məğlub etdiniz. Futbolçularınızın çıxışından razı qaldınızmı?

- Bu, Antalyadakı təlim-məşq toplanışında ilk oyunumuz idi. Hazırda futbolçuların fiziki durumlarını yaxşılaşdırmağa yönəlmişik. Bununla yanaşı, istəyirdik ki, axırıncı yükləmələri həm də oyunla həyata keçirək. Tam hazır olmadıqlarından, demək olar ki, əksəriyyəti 45 dəqiqə oynadılar. Hər hissəyə iki fərqli heyətlə çıxdıq. Komanda üzvlərinin istəkli yanaşması məndə xoş təəssürat oyatdı. Qələbə qazanmağımız da bundan sonrakı işlərdə və oyunlarda həvəslə çalışmağa yaxşı fürsət oldu.

- Qələbə qazansanız da, rəqib iki dəfə hesabı bərabərləşdirməyə nail oldu. Buraxılan qollarda müdafiəçilərin səhvləri var idimi?

- Hər hissədə fərqli heyətlə oynadıq. Müdafiə mövqeyində də ikinci hissədə tam fərqli oyunçular var idi. Dəyişikliklər olanda matça nəzarəti itirmək normaldır. Birinci yarıda qarşılaşmaya daha yaxşı nəzarət etməyi bacardıq. Amma ikinci hissədə iki qol vursaq da, qapımızda eyni sayda qol görməyimiz oyunun bərabər səviyyədə getməsindən xəbər verdi.

- Ruslan Qurbanov "dubl" etsə də, penaltini dəqiq yerinə yetirə bilmədi. Onun çıxışını necə dəyərləndirisiniz?

- Ruslan təcrübəli futbolçularımızdandır. İşinə məsuliyyətlə yanaşır. Qollar vurmağı da rəqibi ciddiyə almağından və ustalıq səviyyəsindən irəli gəlir.

- Qış transfer pəncərəsində heyətinizə qatdığınız Elvin Yunuszadə hazırlıq prosesində özünü yaxşı tərəfdən göstərə bilirmi?

- Elvindən başqa hələ ki, heç kimi heyətə cəlb etməməşik. O da yaydan bəri öz formasında uzaqdır. Artıq 10 gündür ki, bizimlədir. İlk gündən Elvində də fərqi hiss edirik. Həvəslə çalışır. Özü də istəyir ki, çempionat başlayanadək formasını bərpa etsin. Çalışmasından razıyıq.

- Digər klublara nisbətən transferlərdə bir az passivsiniz. Bunun səbəbi nədir?

- Qış fasiləsində istədiyimiz oyunçuları cəlb etmək olduqca çətindir. Amma çalışırıq ki, komandaya fayda verə biləcək oyunçular alaq. Alınmasa, əlimizdə olan heyətlə də davam edəcəyik. Hələ ki, klubları ilə müqavilələri səbəbindən və ya çox bahalı olduqlarından, istədiyimiz oyunçuları əldə edə bilmirik. Bizim də müəyyyən büdcəmiz var. Çalışırıq ki, istədiyimiz oyunçuları tapaq. Axtarışlarımız hələ ki, heç bir bir nəticə vermir. Lakin bu yöndə çalışmalarımızı da davam etdiririk.

- Murtuz Abakarov və Tamazi Tsetsxladze ilə yollarınızın ayrıla biləcəyini demişdiniz. Belə görünür ki, onlar da komandada qalacaqlar...

- Biz onlara tövsiyə xarakterli müraciət etmiş və az oynadıqları üçün klub axtarmalı olduqlarını bildirmişdik. Abakarov hələ də özünə klub axtarır. Hazırda bizim sıralarımızda deyil. Tamazi də 6 ay zədəli oldu və oynaya bilməyib. Düşünürəm ki, onu da yaya kimi saxlamalı olacağıq.

- Tsetsxladze viza problemi ilə əlaqədar Türkiyədəki toplanışa gedə bilməmişdi. Onun bu problemi həll olunubmu?

- Onu toplanışa cəlb etməyi düşünürdük, amma pasportunda problem oldu və İstanbuldan geri qayıtdı. Bu problem 1-2 günə həllini tapan məsələ olmadığından, qərar verdik ki, əvəzedici heyətdə məşq etsin.

- Hər hansı oyunçunu baxışa dəvət etmək barədə düşünürsünüzmü və ya ümumiyyətlə çağırmısınızmı?

- Hazırda iki oyunçunu baxışa dəvət etməyi düşünürük. Onlar yoxlanışa gəlmək üçün bizə təklif olunublar. Gəlib-gəlməyəcəkləri barədə qərar verilməyib. Adlarını açıqlaya bilmirəm, çünki hələ qərar verilməyib. Onların klubları ilə müqavilələrinin olub-olmadığını araşdırırıq. Futbolçu deyir ki, müqaviləm yoxdur. Amma biz ehtiyatlı davranmaq istəyirik. Bu cür hallarda səhvlərə yol vermək istəmirik. 

Son xəbərlər

Orphus sistemi