AFFA UEFA-ya qadınlar arasında Millətlər Liqasının keçirilməsini təklif edib

AFFA UEFA-ya qadınlar arasında Millətlər Liqasının keçirilməsini təklif edib Təklif Avropa futbol qurumunun rəhbərliyinə təqdim olunacaq
Futbol
30 Oktyabr , 2017 11:20

Bakı. 30 oktyabr. REPORT.AZ/ AFFA-nın inzibati binasında UEFA nümayəndələri ilə futbolu Avropada qadınlar üçün “bir nömrəli” idman növü etmək məqsədi daşıyan “Together We Play Strong” proqramı ilə bağlı seminar keçirilib.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdən əvvəl baş katib Elxan Məmmədov UEFA nümayəndələri ilə görüşüb. Qonaqlar "Together We Play Strong” proqramı və seminarın gündəliyi ilə bağlı məlumat verib. AFFA rəsmisi də öz növbəsində ölkədə qadın futbolunun inkişaf mərhələləri və Avropada qadın futbolu ilə bağlı fikirlərini bölüşüb. E.Məmmədov Avropada qadınlararası yarışların formatı ilə bağlı fikir və təkliflərini də bildirib. 

"Qadın futbol komandaların tarixi və güc nisbətləri kəskin fərqləndiyi üçün bəzi oyunlarda çox böyükhesablı nəticələr müşahidə etmək olur. Bu isə xüsusilə zərif cinsin nümayəndələrində ruh düşkünlüyü yaradır və milli assosiasiyaların futbolun bu növünə marağını azaldır" deyən baş katib güc nisbətlərini uyğunlaşdırmaq üçün “Millətlər Liqası” formatının qadın futbolu üzrə yarışlarda tətbiq olunmasının münasib olduğunu bildirib. Qonaqlar baş katibin təklifini UEFA rəhbərliyinə təqdim edəcəkləri hesabata daxil edəcəklərini bildiriblər.

Qeyd edək ki, iki gün ərzində “Together We Play Strong” proqramı, qadın futbolunun inkişafı və kommersiya perspektivləri barədə təqdimatlar edilib və qrup məşğələləri keçirilib. Seminarda UEFA-nın qadın futbolu üzrə marketinq meneceri Keyli Qriv, qadın futbolu üzrə marketinq koordinatoru İvan Kralyeviç, kütləvi futbol məsləhətçisi İqor Yankeviç və kommersiya məsləhətçisi Keyt Bosomvort, AFFA-nın baş katibinin müavini, kütləvi futbol, marketinq və sponsorluq, qadın futbolu, qeydiyyat və statistika, mətbuat və ictimaiyyətlə əlaqələr, beynəlxalq əlaqələr və klubların lisenziyalaşdırılması şöbələrinin nümayəndələri iştirak edib.

Son xəbərlər

Orphus sistemi