AFFA "Simurq"u və qapıçısını sərt cəzalandırıb

AFFA "Simurq"u və qapıçısını sərt cəzalandırıb "Xəzər Lənkəran" yüngül cərimələnib "Bakı"ya xəbərdarlıq olunub
Futbol
26 May , 2015 12:51
AFFA Simurqu və qapıçısını sərt cəzalandırıb

Bakı. 26 may. REPORT.AZ/ AFFA intizam Komitəsinin növbəti iclası keçirilib. "Report"un məlumatına görə, toplantıda Azərbaycan Premyer Liqasının XXXV turunda baş verən hüquq pozuntuları ilə bağlı tədbirlər görülüb. 

“Sumqayıt” komandası ilə matçın 89-cu dəqiqəsində “Xəzər Lənkəran” klubunun futbolçusu Adrian Skarlatake ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu səbəbdən, rumıniyalı müdafiəçi 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb. 

“Bakı” – “Neftçi” matçında qonaq komanda 5 futbolçusunun sarı vərəqə alması səbəbindən 1000 manat ziyana düşüb. "Bakı"ya isə diktorun olmamasına görə ciddi xəbərdarlıq olunub. Bu hal yenidən təkrarlanacağı halda, kluba cəza veriləcək.

Ən ağır cəza maddi problemlərlə üzləşən Zaqatala "Simurq"una və onun qapıçısı Amil Ağacanova kəsilib. AZAL-la qarşılaşmanın 21-ci dəqiqəsində Ağacanov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Qapıçı 4 oyunluq cəzalanıb, klubu 4000 manat cərimə edilib. Üstəlik, Ağacanov meydanı tərk edərkən, oyunun hakiminə qarşı fiziki təsir göstərməyə cəhd edib. Nəticədə o, daha 5 oyunluq cəzalanıb, klubu 5000 manat cərimələnib.

Son xəbərlər

Orphus sistemi