Bakı. 8 noyabr. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi Azərbaycan Premyer Liqasının son turunda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, İntizam Komitəsi AZAL - "Qəbələ" matçında baş verənlərlə bağlı Qəbələ komandasının baş məşqçisi Roman Qriqorçuku cəzalandırıb.
Oyunun 14-cü dəqiqəsində tezxniki zona qaydalarını pozduğu üçün tribunaya göndərilən ukraynalı mütəxəssis bir oyunluq cəzalanıb. Onun klubu bu səbəbdən 800 manat ziyana düşüb. İntizam Komitəsi həmin anda baş verənlərlə bağlı AZAL-ın futbolçusunu da cəzasız qoymayıb. Oyunun videoyazısına baxıldıqdan sonra İlqar Ələkbərovun rəqib oyunçuya qarşı kobud oynadığı üçün 2 oyunluq cəzalanmasına qərar verilib və klub 1600 manat cərimə ödəməli olacaq.
Bundan başqa, hər iki komandanın 5 futbolçusu sarı vərəqə aldığı üçün klubları 800 manat cərimələnib.
Premyer Liqanın XI turunun "Kəpəz" - "Sumqayıt" matçının 62-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Kərim Diniyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Həmin turun "Neftçi" - "İnter" matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.