AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri: "Bu il I Diviziondan Premyer Liqaya yüksələn klublar olacaq" - MÜSAHİBƏ

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri: "Bu il I Diviziondan Premyer Liqaya yüksələn klublar olacaq" - MÜSAHİBƏ "Xəzər Lənkəran"la bağlı qərarı İcraiyyə Komitəsi verəcək"
Futbol
7 Fevral , 2017 09:29
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri: Bu il I Diviziondan Premyer Liqaya yüksələn klublar olacaq - MÜSAHİBƏ

Bakı. 7 fevral. AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədovun "Report"a müsahibəsi

- Lisenziyalaşdırma ilə bağlı nə kimi yeniliklər var: 2017/2018 mövsümündə Premyer Liqada mübarizə aparmaq üçün neçə klub müraciət edib?

- Hazırda Prmeyer Liqada çıxış edən bütün klublar, eləcə də I Divizionun bir neçə təmsilçisi bizə müraciət edib. Qrupumuz tərəfindən klublara seminarlar keçirilir və lazımı sənədlər toplanılır. Lakin yekun qərar mayda veriləcək. Hələlik nəticələrdən danışmaq tezdir. Müraciət edən klubların ümumi sayını deməyəcəyəm. Çünki məxfilik məsələsi var. Bu, idman prinsiplərinə zidd olduğu üçün söyləyə bilmirik.

- Amma sayı açıqlasanız, ən azı gələn mövsüm Premyer Liqada say artımının olub-olmayacağı müəyyənləşə bilər...

- Bir deyil, bir neçə klub var. Niyə sayını açıqlamırıq? Deyək ki, I diviziondan heç bir klub növbəti mövsüm üçün Prmeyer Liqada iştirakla bağlı bizə müraciət etməyib. Bunu açıqlasam, Premyer Liqa təmsilçilər biləcəklər ki, heç biri I diviziona düşməyəcək və onlar lisenziya alsalar, elitada qalacaqlar. Belə olan halda idman prinsipi pozulacaq. Lakin hər bir klubun Premyer Liqada iştirak üçün müraciət etdiklərini açıqlamaq hüququ var.

- Reqlamentə əsasən, 1 komanda elitanı tərk edəcək, I divizionda ilk 3 pilləni tutan və lisenziyalaşdırma tələblərinə uyğun kollektivlər yüksək dəstəyə vəsiqə qazanacaq...

- Reqlamentdə necədirsə, elə də olacaq. Onu deyə bilərəm ki, I Diviziondan bir neçə klub Premyer Liqada çıxış etməyə iddialıdır və onlar lisenziyalaşdırma məsələsinə çox ciddi yanaşırlar. Ötən mövsümdən fərqli olaraq, bu il I Diviziondan lisenziya alan klublar olacaq.

- Yeni mövsüm üçün lisenziyalaşdırma prosesində hansı yüngülləşdirici hallar olacaq?

- Mövsümün əvvəlində klubların nümayəndələrinə seminar keçən zaman qaydaları ətraflı izah etmişik. Müəyyən məsələləri asanlaşdırmışıq. Məsələn, I divizion üçün aşağı yaş qruplarında tələb olunan komanda sayını azaltmışıq. Əvvəl uşaq futbolu üçün məşqçilərdən UEFA-nın "B" diplomu tələb olunurdusa, indi müəyyən komandalara "C" diplomu da keçərlidir.

- Əsas komandada məşqçi diplomu ilə bağlı dəyişiklik olacaq?

- Xeyr. Əsas komandalarda klub UEFA-ya müraciət edirsə, "Pro", yalnız Premyer Liqa üçün ərizə verirsə, "A" diplomu tələb olunur.

- "A" diplomu tələbi ağır deyil ki?

- Fikrimcə, məşqçi nəinki Premyer Liqada, hətta istənilən peşəkar liqada işləyirsə, onun "A" diplomu olmalıdır.

- I Divizion klublarının aşağı yaş qrupları üzrə neçə komandası olmalıdır?

- 4 komanda olmalıdır və onlardan 1-i hazırda AFFA tərəfindən təşkil olunan ölkə birinciliyində çıxış etməlidir. Eyni zamanda, klub öhdəlik götürür ki, Premyer Liqada çıxış edəcəyi təqdirdə, AFFA tərəfindən təşkil olunan bütün liqalarda komandalarının iştiraklarını təmin edəcəklər.

- Stadionlarla bağlı hansı tələb və güzəştlər olacaq?

- Sənədləşmə məsələsini yüngülləşdirdik. Lakin tribuna artıq "B" yox, "A" dərəcəli meyardır. Tələblər o qədər böyük deyil ki, onu aşağı salaq.

- Lisenziyalaşdırma prosesində klubun paytaxt və ya əyalət təmsilçisi olmasında fərq var?

- Xeyr. Biz sənədlərə baxırıq. Sənəd qaydasındadırsa, klub lisenziya alır. Sənədlə bağlı problem yoxdursa, biz hansı haqla lisenziya verməyə bilərik?

- Premyer Liqanın XVI turu çərçivəsində keçirilən AZAL - "Qarabağ" oyununda qonaq komandanın futbolçusu Dani Kintana süni örtükdəki problemə görə zədələndi və uzun müddətə sıradan çıxdı. Hər halda, meydanların durumu ilə bağlı lisenziyalaşdırmada müvafiq tələblər var...

- UEFA oyunlarının keçirilməsi üçün süni meydanlar olan stadionlar hər il sertifkat almalıdır. Klub Premyer Liqa üçün müraciət edirsə, stadionu Peşəkar Futbol Liqası (PFL - red.) qəbul edir. Hər oyundan qabaq Lisenziyalaşdırma Qrupu bütün meydanları yoxlaya bilməz axı. Bu iş üçün AFFA nümayəndələri var. Onlar baxır və yerində qərar verirlər. Bu, lisenziyalaşdırma yox, oyunun təşkili məsələsidir.

- Lisenziyalaşdırma Qrupunun stadionları yoxlamaq səlahiyyəti var?

- Klub avrokuboklar üçün müraciıt edirsə, biz sertifikat istəyirik. Lakin Premyer Liqa üçün hər hansı tələb qoyulmayıb. Yarışı təşkil edən qurum baxır və qane edirsə, icaze verir.

- Ötən mövsüm məlum səbəblərdən "İnter" və "Zirə" avrokuboklara buraxılmadı. Artıq həmin nöqsanlar aradan qalxıb?

- "İnter" cəzasını çəkdi, "Zirə"nin isə Premyer Liqada 3 ili tamam olur. Müəyyən nüanslar var ki, onları həm klublarla, həm də UEFA ilə müzakirə etdik. Sənədləşmə işləri gedir. Nəticəni mayda açıqlayacağıq. Çox güman ki, həmin klublar problemlə üzləşməyəcək.

- "İnter"lə bağlı yeni problem yarana bilməz?

- Ötən mövsüm "İnter"in vaxtı ötmüş borcları vardı. Lisenziyalaşdırma qaydalarına görə cəza aldı. Lakin artıq borclar bağlanıb, bunu təsdiq edən sənədlər var. Komanda ötən mövsüm avrokuboklara vəsiqə verən pilləni tutduğuna görə həmin cəzanı çəkmiş oldu.

- PFL-in prezidenti Ramin Musayev bilidirib ki, "Xəzər Lənkəran" Premyer Liqada mübarizə aparamaq istəsə, AFFA İcraiyyə Komitəsindən komandanın yarışa buraxılmasını xahiş edəcək. Bu, nə dərəcədə mümkündür? Nəzərə almaq lazımdır ki, həmin klub hazırda I divizionda mübarizə aparmır.

- Bu, lisenziyalaşdırma prosesindən kənar məsələdir. İstisna olacaqsa və klub Premyer Liqaya buraxılacaqsa, buna İcraiyyə Komitəsi qərar verəcək. Klub bunu nə qədər istəyir, İcraiyyə Komitəsi nə qərar verəcək, deyə bilmərəm. Bunu klubdan, PFL-dən və ya komitə üzvlərindən soruşmaq olar.  

Son xəbərlər

Orphus sistemi