Yuxarı
    Bağlamaq

    AFFA-nın hesabat konfransı keçirilib

    Konfransda federasiya prezidenti, UEFA-nın İcraiyyə Komitəsinin üzvü, AFFA rəsmiləri iştirak edib

    Bakı. 6 mart. REPORT.AZ/ Bu gün AFFA-nın növbəti Hesabat Konfransı keçirilib. "Report"un məlumatına görə, konfransda federasiya prezidenti Rövnəq Abdullayev, UEFA-nın İcraiyyə Komitəsinin üzvü Karen Espelund, AFFA rəsmiləri və bir sıra qonaqlar iştirak edib.

    İlk olaraq ilin yekunları ilə bağlı fikirlərini bildirən R.Abdullayev 2005-2015-ci illərdə Azərbaycanda futbolun inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramı barədə danışıb. AFFA rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevin federasiyanın qarşısına qoyduğu tapşırıqların yerinə yetirildiyini deyib. R.Abdullayev "2005 - 2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın hesabat formasında dövlətə təqdim olunduğunu bildirib. O, 2020-ci il Avropa çempionatına hazırlığı nəzərdə tutan yeni Dövlət Proqramı layihəsinin hazırlandığını və 3 ay ərzində hökumətə təqdim olunacağını açıqlayıb.

    AFFA prezidentinin çıxışından sonra konfransın səlahiyyətli olub-olmaması haqda məlumat verilib. 35 nümayəndədən 31-i konfransda iştirak edib və bu da tədbirin keçirilməsi üçün yetərli say hesab olunub. Daha sonra federasiyanın baş katibi Elxan Məmmədov çıxış edib. O, futbolun dünyada ən çox müzakirə olunan mövzu, idman növü olduğunu deyib. Onun sözlərinə görə, hər bir idman növündə olduğu kimi futbolda da problemlər mövcuddur: "2014-cü ildə milli komandamız bizi məyus edərək FİFA-nın reytinqinə əsasən 4 məğlubiyyətdən sonra 73-cü pillədən geriləyib. Həmin aylarda gənclərimiz bizi sevindirdi. İlk dəfə olaraq, U-17 və U-19 elit raunda vəsiqə qazandı. 17 yaşadək komandaların elit raundu Bakıda keçiriləcək və bu oyunlar martda olacaq. Püşkə əsasən U-17 Xorvatiya, Portuqaliya, Serbiya, U-19 isə Fransa, İngiltərə və Danimarka ilə qarşılaşacaq. Müəyyən fasilədən sonra "Qarabağ" da bizi sevindirdi və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. "Neftçi" 2012-ci, "Qarabağ" isə 2014-cü ildə beynəlxalq arenalarda çıxış etdi. Baxmayaraq ki, komanda qrup mərhələsinin son turunda məğlub oldu, amma "Qarabağ" azarkeşlərin ürəyində qalib olaraq qalıb. AVRO-2020 Bakıda keçiriləcək. Əsas məqsədimiz həmin turnirdə iştirak etmək və möhtəşəm futbol bayramına şahidlik etməkdir".

    Baş katibin çıxışından sonra qonaqlara AFFA-nın 2014-cü ildə gördüyü işləri əhatə edən videoçarx nümayiş etdirilib. Sonra federasiyanın maliyyə məsələləri üzrə mütəxəssisi Xalid Cəfərov 2014-cü ildə xərclər və gəlirlər haqda məlumat verib. Müstəqil audit Babək Məmmədov maliyyə hesabatının yoxlanıldığı və təsdiq olunduğunu vurğulayıb.

    Qonaqlar önündə çıxış edən AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov yaradılan şəraitdən, dəstəkdən danışıb. O, komitənin ilk günlərdən informasiya bazası əldə etməyə çalışdıqlarını deyib. V.Sadıqov Məşqçilər Komitəsinin Klublar Komitəsi ilə əlaqəli iş qurmağa çalışdığını söyləyib: "Belə nəticəyə gəldik ki, klub rəhbərliyi, futbolçular, rəhbərliyin işə anlayış və vicdanla yanaşması Azərbaycan futboluna təkan verəcək. Əsas məqsədimiz odur ki, AVRO-2020-də layiqli futbol nümayiş etdirək".

    V.Sadıqovdan sonra çıxış edən UEFA-nın İcraiyyə Komitəsinin üzvü Karen Espelund konfransda nitq söyləyib. Qurum rəsmisi Bakıya bu gün gəldiyini, möhtəşəm stadion gördüyünü deyib: "Belə arena münasibətilə sizi təbrik edirəm. UEFA gələcəkdə də AFFA-ya dəstək verəcək. AFFA-nın qadın futboluna da böyük diqqət ayırması bizi sevindirir. Sizə minnətdaram ki, həm qadın, həm də kişilərin futbol oynaması üçün hər bir şərait yaradılır. Azərbaycanda futbol mexanizmi qaydasında gedir. UEFA hər il 30 min futbol matçına baxır. Hansısa danışılmış oyun əlaməti varsa, buna reaksiya veririrk. Bizə zərər verəcək işlərə qarşı reaksiya verməli, xüsusi mövqe tutmalıyıq. Futbol inteqrasiya üçün ən mükəmməl fəaliyyətdir".

    Çıxışlardan sonra İcraiyyə Komitəsinin vakant yerlərinə seçkilər keçirilib. Peşəkar Futbol Liqası Vaqif Sadıqovu, İctimai Futbol Təşkilatları İctimai Birliyi isə təhsil nazirinin müavini Firudin Qurbanovun namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində V.Sadıqov və F.Qurbanov İcraiyyə Komitəsinin üzvü seçilib.

    Baş katib Elxan Məmmədov Apelyasiya və Arbitraj Palatasının yaranması ilə bağlı səsvermənin keçirildiyini bildirib. Bütün üzvlərin iştirakı ilə keçirilən səsvermədə müsbət qərar qəbul edilib və palatanın yaradılması məsələsi öz təsdiqini tapıb.

    Bununla da ilin yekunlarına dair hesabat konfransı başa çatıb və İcraiyyə Komitəsinin qapalı iclası keçirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi