AFFA-nın baş katibi: "Ən böyük məsuliyyət klubların üzərinə düşür"

AFFA-nın baş katibi: "Ən böyük məsuliyyət klubların üzərinə düşür" Elxan Məmmədov: "Öz çempionatımıza baxa bilmiriksə, hansı inkişafdan danışa bilərik"
Futbol
10 Dekabr , 2014 18:57
AFFA-nın baş katibi: Ən böyük məsuliyyət klubların üzərinə düşür

Bakı. 10 dekabr. REPORT.AZ / Bu gün keçirilən Klublar Komitəsinin iclasında bəzi təkliflər irəli sürülüb. “Report”un məlumatına görə, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov açıqlama verib. 

Onun sözlərinə görə, iclasdan sonra komitə nümayəndəsi qəbul olunan təkliflərin AFFA İcraiyyə Komitəsinin müzakirəsinə veriləcəyini əlavə edib: "Qurumun sədrini klub nümayəndələri öz aralarında şəffaf müzakirələr nəticəsində seçəcəklər. Baş katib elə bu məqsədlə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə birgə toplantını tərk etdiklərini vurğulayıb".

AFFA rəsmisi iclasda Premyer Liqanın əsasnaməsinə dəyişikliklər edilməsi təklifinin də irəli sürüldüyünü də açıqlayıb: “Bəzi klub nümayəndələri belə təkliflər irəli sürdülər. Biz də dedik ki, ola bilər bu məsələyə AFFA İcraiyyə Komitəsinin növbəti iclasında baxılsın. Klublar Komitəsinin yaradılmasının səbəbi odur ki, biz futbol məhsulunu birlikdə inkişaf etdirək. Çünki futbolun inkişafı təkcə AFFA-nın işi deyil. Bu işdə klubların böyük rolu var. Ən böyük məsuliyyət klubların üzərinə düşür. 2020-ci ildə Bakıda Avropa çempionatının 4 oyunu keçiriləcək. Azərbaycanın ən böyük futbol tədbirində yığmamızın da təmsil olunmasında klublarımız da böyük rol oynayır”.
E.Məmmədov toplantıda çempionat oyunlarını yayımlayacaq ayrıca telekanalın yaradılması məsələsinin müzakirəsi ilə bağlı isə bunları deyib: “Təbii ki, oyunların 100 faizinin yayımlanmasını istərdik. Təəssüflər olsun ki, “Xəzər Lənkəran” - “Neftçi” matçı yayımlanmadı. Özüm oyunda idim və açığı yayımlanmamasına təəccübləndim. Bu, düzgün deyil. Oyun yayımlanmalıdır. Bəzi adamların imkanı yoxdur ki, oyuna getsin, bəziləri üçün uzaqdır, bəziləri xəstə yatır. Onların imkanı olmalıdır ki, oyuna televiziya ilə baxsınlar. Biz XXI əsrdə yaşayırıq. Burda oturub İtaliya, İspaniya, Almaniya çempionatına baxa biliriksə, öz çempionatımıza isə baxa bilmiriksə, hansı inkişafdan danışa bilərik? Təkcə Premyer Liqa deyil, I divizion da, uşaq liqaları da göstərilməlidir. U-9-dan U-19-dək liqalar keçirilir, amma heç biri yayımlanmır. Niyə də yox? Axı bu, sağlam həyat tərzinin təbliğatıdır. Futbolu göstərməsək, azarkeş də oyunlara gəlməyəcək. Mənə şəxsən maraqlıdır, ölkədə öküz döyüşlərinin fanatları varmı? Yayım məsələsi illərdir davam edir. Bizə lazımdır ki, oyunlar yayımlansın”.

Son xəbərlər

Orphus sistemi