Yuxarı

AFFA-nın baş katibi: "Çatışmayan cəhətləri aradan qaldırmaqla bağlı öhdəliklər götürmüşük" - MÜSAHİBƏ

Elxan Məmmədov: CBC televiziyası istəyirsə, AFFA və PFL gələcək mövsümdə də yayım hüququnu onlara versin, özlərini sübut etməlidirlər

Bakı. 21 avqust. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədovun "Report"a müsahibəsi

- "Qəbələ"nin oyununu stadiondan izlədiniz. Komanda necə təsir bağışladı?

- Oyunu qələbə ilə başa vura bilərdik. Təəssüflər olsun ki, bu alınmadı. "Qəbələ" yaxşı oynadı. Ümid edirəm ki, səfər oyununda da bu cür inamlı çıxış edəcək.

- Amma "Panatinaikosda zəif rəqib deyil, bir neçə epizodda "Qəbələ"nin bəxti gətirdi...

- Təbii ki, "Panatinaikos"un da qol imkanları vardı. Bir ara açıq futbol getdi. Bu da yaxşıdır və baxımlı futbol olur. Hər iki komanda fərqlənə bilərdi. Əsas olan odur ki, "Qəbələ" baxımlı oyun nümayiş etdirdi. Baxmayaraq ki, "Panatinaikos" təcrübəli komandadır və avrokuboklarda kifayət qədər təcrübəsi var.

- Qarşıda millinin Xorvatiya və Malta yığması ilə oyunları var. Bu oyunlardan nə gözləyirsiniz?

- Həmişə ev oyunlarında 3 xal qazanmaq istəyirik. Bilirik ki, oyun qrupumuzun liderinə qarşı olacaq. Düşünürəm ki, bizim qrupda ən güclü rəqib Xorvatiyadır. Səfər oyununu yadımıza salmaq istəmirik. Ümid edirəm komandamız ilk görüşdəki hesabı unudaraq maksimum nəticə üçün mübarizə aparacaq. 

- Baş məşqçi Robert Prosineçki bir müddət əvvəl Nurlan Novruzovun onun oyun sisteminə uyğun gəlmədiyini demişdi. Ancaq indi Nurlan siyahıda yer alıb...

- Robert Prosineçkinin bir neçə müsbət cəhəti var. Onlardan biri də odur ki, baş məşqçi hər toplanışa gənc və perspektivli futbolçu dəvət edir. Bu da sevindirici haldır. Təbii bu o demək deyil ki, futbolçu heyətə düşə bilər. Ancaq onun üçün stimuldur.

- İtaliya millisi ilə qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək. Artıq UEFA stadiona baxış keçirib. Məsələ nə yerdədir, UEFA-dan "hə" cavabını nə vaxt alacağıq?

- İlk Avropa Oyunlarından sonra Gənclər və İdman Nazirliyi ilə bizim geniş iclasımız oldu, hazırlıq planı tərtib etdik. UEFA nümayəndələri stadiona müvafiq kateqoriya verməlidir. Baxışdan sonra çatışmayan məsələləri qeyd ediblər. Onlardan biri də ot örtüyüdür. Çünki bağlanış mərasimindən sonra otu istifadə etmək mümkün deyildi. Hazırda stadionun ot örtüyü dəyişdirilir. Geyinmə və soyunma otaqlarında müvafiq mebellər sifariş olunmalıdır ki, bunu da nazirlik edəcək. Növbəti baxışa qədər hər şey qaydasında olacaq.

- Növbəti baxış nə vaxt olacaq?

- UEFA nümayəndələrinin Bakıya nə zaman gələcəyi hələ tam dəqiqləşməyib. Səfərin vaxtının dəqiqləşməsini gözləyirik. Güman ki, 5-20 sentyabr arasında gələcəklər. Ancaq çatışmayan cəhətlərlə bağlı bütün öhdəlikləri öz üzərimizə götürmüşük və hər şey öz həllini tapacaq. Bu stadionda ilk futbol oyunu olacaq.

- Milli komandanın noyabrın 17-də Bakıda Moldova ilə yoxlama görüşü keçirəcəyi dəqiqləşib?

- Bəli, artıq dəqiqdir.

- Ölkə çempionatının yayım hüququ ilə bağlı AFFA tender keçirdi və "CBC" televiziyası qalib gəldi. Çempionatın yayımı haqda nə düşünürsünüz, hansı dəyişikliklər var?

- İlk növbədə Premyer Liqanın 12 kamera ilə çəkilişi və 3 oyunun efirə verilməsi sevindirici haldır. Ancaq əvvəllər bu yox idi. Gələcəkdə açıqlacaq "CBC Sport" kanalı öhdəlik götürüb ki, digər oyunların da ya video yazısını, ya da canlı olaraq təqdim edəcək. Hazırda bunun üzərində iş gedir. Mütəmadi olaraq televiziya rəhbərliyi və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə görüşlər keçiririk. Hər turda 3 oyunun göstərilməsi müsbət haldır. Üstəlik Full HD formatında çəkilişi və internetdən də yayımı yaxşıdır. Son iclasda reytinq siyahısını bizə göstərdilər və gördük ki, maraq böyükdür. "CBC" istəyirsə, AFFA və PFL gələcək mövsümdə də yayım hüququnu onlara versin, özlərini sübut etməlidirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi