AFFA Mişel Platininin FİFA prezidentliyinə seçkidə iştirakını dəstəkləyib

AFFA Mişel Platininin FİFA prezidentliyinə seçkidə iştirakını dəstəkləyib UEFA-nın toplantısına AFFA-nın prezidenti və baş katibi də qatılıb
Futbol
15 Oktyabr , 2015 19:13
AFFA Mişel Platininin FİFA prezidentliyinə seçkidə iştirakını dəstəkləyib

Bakı. 15 oktyabr. REPORT.AZ/ İsveçrənin Nyon şəhərində UEFA İcraiyyə Komitəsinin (İK) iclası keçirilib. "Report"un məlumatına görə, İK üzvləri FİFA-nın Etika Komitəsi tərəfindən oktyabrın 8-də 90 gün müddətinə UEFA prezident vəzifəsindən kənarlaşdırılmış Mişel Platinini dəstəkləyiblər.

Bu gün səhər Avropa futbol qurumuna üzv olan 54 milli federasiya isə M.Platininin FİFA prezidentliyinə seçkidə iştirakının lehinə çıxış ediblər. 

"Platini İK və UEFA tərkibinə daxil olan federasiya nümayəndələrindən tam aydın və möhkəm dəstək alıb. Bəzi nümayəndələr isə onunla əlaqə saxlayıblar", - UEFA-nın yaydığı məlumatda bildirilir.

Bu açıqlama M.Platininin namizədliyinin AFFA tərəfindən də dəstəkləndiyi anlamına gəlir. Milli assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlunun "Report"a verdiyi məlumata görə, hazırda UEFA-nın toplantısında AFFA prezidenti Rövnəq Abdullayevlə baş katib Elxan Məmmədov iştirak edir.

UEFA İK-in növbədənkənar iclasının keçirilməsi M.Platini, FİFA prezidenti Yozef Blatter və ali futbol qurumunun baş katibi Jerom Valkenin tutduqları vəzifədən və istənilən futbol fəaliyyətlərindən 90 gün müddətinə uzaqlaşdırılmaları ilə bağlı olub. İclasın yekunları ilə əlaqədar bu axşam mətbuat konfransı olacaq. Konfransa UEFA-nın baş katibi Canni İnfantino da qatılacaq.

Qeyd edək ki, Yozef Blatter Mişel Platiniyə FİFA vəsaitlərindən 2 milyon frank qanunsuz ödəniş etməkdə şübhəli bilinir. Həmin vəsait 1999-cu ilin yanvarından 2002-ci ilin iyununadək olan dövrdəki işlərin yerinə yetirilməsi müqabilində nəzərdə tutulub. Lakin ödəniş 2011-ci ilin fevralında ünvanına çatıb. FİFA prezidenti seçkisi 2016-cı il fevralın 26-da keçirilməlidir. Amma tarixin dəyişdirilməsi variantı da gündəmdədir. Y.Blatter mayın 29-da keçirilmiş FİFA Konqresində növbəti müddətə qurumun prezidenti seçilib. Lakin bundan 4 gün sonra isveçrəli funksioner korrupsiya qalmaqalları fonunda istefaya getdiyini açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi