Vaqif Sadıqov: "Azərbaycan millisində yerli və ya əcnəbi baş məşqçinin elə də önəmi yoxdur" - MÜSAHİBƏ

Vaqif Sadıqov: "Azərbaycan millisində yerli və ya əcnəbi baş məşqçinin elə də önəmi yoxdur" - MÜSAHİBƏ AFFA Məşqçilər Komitəsinin sədri və İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqovun Reporta müsahibəsi...
Futbol
22 Yanvar , 2020 16:39
Vaqif Sadıqov: Azərbaycan millisində yerli və ya əcnəbi baş məşqçinin elə də önəmi yoxdur - MÜSAHİBƏ

AFFA Məşqçilər Komitəsinin sədri və İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqovun "Report"a müsahibəsi...

- AFFA-nın qəbul olunan yeni Nizamnaməsi haqda nə deyə bilərsiniz?

- Daha öncə Növbədənkənar Konfransda da bəyan olunduğu kimi, AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklər sırf Azərbaycan Qanunvericiliyində olan əlavə və dəyişikliklər nəzərə alınaraq həyata keçirilib. Həmçinin FİFA və UEFA-nın tələblərinə uyğun dəyişikliklər edilib. Bu dəyişikliklər strateji addımdır və inanırıq ki, Azərbaycan futbolunun inkişafına təkan verəcək.

- Yeni Nizamnaməyə əsasən vitse-prezidentlərin sayı 4-ə yüksəldi. Bu vəzifəyə təklif alsanız, qəbul edəcəksinizmi?

- İlk öncə yanvarın 28-də keçiriləcək AFFA-nın növbəti konfransında seçiləcək İcraiyyə Komitəsinin üzvlərinin tam tərkibi bəlli olacaq. Bundan sonra həmin komitə üzvlərinin içərisindən 4 vitse-prezident təyin olunacaq və onların adları açıqlanacaq. Əlbəttə, vitse-prezident vəzifəsi bizə göstəriləcək böyük bir etimaddır. Bu etimadı doğrultmaq üçün hər birimiz hazır olmalıyıq.

- Yanvarın 28-də keçiriləcək AFFA-nın Konfransında Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə namizədlərin də siyahısı açıqlanacaq. Siyahıda yer alacaq namizədlərin kimliyi haqda məlumatınız var?

- Namizədlərin yerli və ya əcnəbi olacaqlarını belə bilmirəm. Bu, rəhbərliyin strateji addımından asılı olacaq. Bizə də bildirilib ki, yanvarın 28-nə qədər namizədlərin siyahısı tərtib olunacaq və müzakirə üçün İcraiyyə Komitəsinin üzvlərinə təqdim ediləcək. Biz də həmin konfransda siyahı ilə tanış olduqdan sonra öz fikirlərimizi bildirəcəyik.

- Milli komandaya yerli, yoxsa əcnəbi mütəxəssisin rəhbərlik etməsini istərdiniz?

- Mənim üçün yerli və ya əcnəbi baş məşqçinin olmasının elə də önəmi yoxdur. Əsas Azərbaycan futboluna fayda verəcək mütəxəssisin olmasıdır. Mən daha əvvəl də demişəm, yenə deyirəm ki, özümüzdə istedadlı məşqçilər yetişir və üzə çıxır. Bu barədə müzakirələr aparmağa hazırıq.

- Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisinin 2 üzvü - Elnur Hüseynov ("Neftçi") və Vüsal Şabanovun ("Zaqatala") siqaret çəkdikləri üçün yığmanın heyətindən kənarlaşdırılmasına münasibətiniz necədir?

- Samir Əliyevin baş məşqçisi olduğu yığma komanda hazırda Antalyada təlim-məşq toplanışındadır. Həmin futbolçular haqda ətraflı məlumatı onlar Bakıya qayıtdıqdan sonra alacağıq. AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov da hazırda U-19 yığması ilə birgədir. Biz hər zaman sağlam rəqabətin tərəfdarı olmuşuq. Yalnız bunun sayəsində inkişafa nail ola bilərik. Düşünürəm ki, futbolçunun səhvini vaxtında üzə çıxarıb onlara düzgün yolu göstərmək hər bir məşqçinin işidir. Bunu da hazırda milli komandaların məşqçiləri həyata keçirirlər.

- AFFA-nın baş katibi Elxan Məmmədov qeyri-futbol sahəsində çalışan insanların da danışılmış oyunlarda iştirak etdiyini bildirib. Həmin şəxslərin kimliyi haqda məlumatınız var?

- Açığı, mən hüquq-mühafizə orqanlarının açıqladığı və AFFA-nın İntizam Komitəsinin verdiyi qərarlardan sonra həmin insanların adları ilə tanış oldum. İdman sahəsindən kənardakı insanlar barədə heç bir məlumatım yoxdur və onların da heç birini tanımıram. Bayaq dediyim kimi biz yalnız sağlam rəqabət sayəsində futbolumuzun inkişafına nail ola bilərik.

- Azərbaycan Premyer Liqa klublarının Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışlarını izləyə bilmisiniz?

- Yox, mən izləyə bilmirəm, çünki Bakıdayam. Lakin nümayəndəmiz Ağasəlim Mircavadov ordadır. Məlumatları da elə ondan əldə edirik. Düşünürəm ki, bütün klublarımız peşəkarcasına fəaliyyət göstərir. Mövsümün ikinci yarısına hazır olmaq üçün tam güc sərf edirlər. Bütün klublar iddialıdır və onların hər birinin avrokuboklara vəsiqə qazanmaq imkanları var. Bu mənada düşünürəm ki, bizi qarşıda çox maraqlı və rəqabət dolu oyunlar gözləyir. Klubların yoxlama oyunlarından da xəbərim var. İlk görüşlərdə fərqli nəticələr qeydə alınır. Getdikcə nəticələr tamamilə dəyişir. Bu, sırf hazırlıqla əlaqədardır. Komandalar olduqca çox yüklənir. Məşqçilər optimal heyəti formalaşdırana qədər bütün futbolçulara şans verməyə çalışırlar. Optimal heyət formalaşdıqdan sonra biz demək olar ki, son matçlarda sırf nəticəyə oynayan komandaları görəcəyik. İnanıram ki, klublarımız müsbət nəticələr, gözəl əhval-ruhiyyə və psixoloji durumları yaxşı vəziyyətdə Azərbaycana qayıdaraq hazırlıqlarını burada davam etdirəcəklər.

- Klubların transfer siyasətini necə dəyərləndirirsiniz? Komandalardan bəziləri sabiq futbolçuları ilə müqavilə imzalayır, digərləri isə heyətində olan güclü futbolçuları ilə yollarını ayırır. Yəni, Azərbaycan klublarından samballı transferlər görmürük...

- Bunu hamı deyir. Amma nəzərə alaq ki, qışda samballı transfer etmək çox çətindir. Məsələn, "Zirə" klubu keçmiş futbolçusunu (Yovan Krneta - red.) yenidən komandaya qaytarıb. Çünki bu futbolçuya artıq komandasına uyğunlaşması üçün vaxt lazım deyil. Həmçinin onu sınaqdan keçirməyə də ehtiyac yoxdur. Məncə, bu düzgün addımdır. "Qarabağ"a gəlincə, bu komandada əvəzolunmaz oyunçu yoxdur. Qurban Qurbanov həmişə iki eyni səviyyəli heyəti qoruyub saxlayıb. İnanıram ki, "Qarabağ" yenə də ölkə çempionluğu və kubokunu qazanmağa, avrokuboklarda bizi sevindirməyə hazır olacaq.

Son xəbərlər

Orphus sistemi